Qaralmaq niyyəti ilə getdiyi solaryumda xərçəng xəstəliyinə tutuldu
İngiltərədə yaşayan bir qadına, qaralmaq məqsədilə solaryum seanslarına getdikdən sonra dördüncü mərhələ dəri xərçəngi diaqnozu qoyulub. Hazırda o, İngiltərə hökumətindən solaryumların qadağan olunmasını tələb edir.
Patrulaz.az “Milliyet”ə istinadən xəbər verir ki, İngiltərədə yaşayan 30 yaşlı Lily Mörfi, 23 yaşında olarkən tətilə getməzdən əvvəl qaralma məqsədilə qısamüddətli solaryum seanslarına qatılıb.
Cəmi bir saatdan az davam edən bu prosedurlardan sonra bədənində fərqli görünümlü bir xal yaranıb. Görünüşündən şübhələnən gənc qadın dərhal həkimə müraciət edib.
Mörfi daim yorğunluq hiss edir, dözülməz bel ağrılarından əziyyət çəkirdi, bu ağrılar zamanla sinəsinə də yayılıb.
Aparılan müayinələr nəticəsində ona melanoma (dəri xərçəngi) diaqnozu qoyulub. 2019-cu ildə keçirilən cərrahi müdaxilə ilə xərçəngli toxuma çıxarılıb. İlk müalicə mərhələsindən sonra xəstəliyin tam sağaldığı düşünülüb.
Lakin 2023-cü ildə bel və sinə ağrıları, nəfəs darlığı və xroniki yorğunluq şikayətləri ilə yenidən xəstəxanaya müraciət edən Mörfiyə əvvəlcə anksiyete diaqnozu qoyulub. Daha sonra aparılan ətraflı müayinələrdə xərçəngin ağciyərlərə və boyun nahiyəsinə metastaz etdiyi müəyyən olunub.
İmmunoterapiya və kimyaterapiyaya orqanizmi mənfi reaksiya verdiyi üçün qadında sepsis inkişaf edib. 2025-ci ilin fevral ayında başlanan yeni müalicə üsulu nəticəsində xərçəng hüceyrələrində kiçilmə müşahidə edilib, lakin yüksək dozada verilən dərmanlar səbəbilə müalicəyə ara verilmək məcburiyyətində qalıblar.
Mörfi, solaryumun nə qədər təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, qısamüddətli bir dəyişikliyə bənzəsə də, əslində nəticələri ömür boyu davam edə biləcək qədər ciddi ola bilər.
Ləman Sərraf






