Qaranlıqda telefona baxanlar DİQQƏTLİ OLUN
Gecə işıqları söndürüb bir az telefona baxmaq günün yorğunluğunu çıxarmağın ən rahat yolu kimi görünür. Amma məsələ göründüyündən bir az daha ciddidir və bədən bu “kiçik vərdişə” düşündüyünüzdən daha sərt reaksiya verir.
Patrul.az-ın araşdırmasına görə, ilk problem gözlərlə başlayır. Qaranlıq mühitdə telefon ekranı göz üçün qəfil və güclü işıq mənbəyinə çevrilir. Bu zaman göz bəbəyi geniş olur və işıq birbaşa retinaya daha intensiv düşür. Nəticədə gözlər tez yorulur, quruluq yaranır, hətta uzun müddətdə görmədə zəifləmə və fokus problemi ortaya çıxa bilər.
Amma iş bununla bitmir. Telefon ekranından yayılan mavi işıq bədənin bioloji saatına birbaşa təsir edir. Normalda qaranlıq olanda bədən “melatonin” adlı yuxu hormonunu ifraz etməyə başlayır. Telefon isə bu prosesi pozur. Yəni siz yataqda uzanıb “yorulmuşam” deyirsiniz, amma beyninizə siqnal gedir ki, “hələ gündüzdür”. Nəticə isə gec yuxuya getmək, tez-tez oyanmaq və səhər sanki heç yatmamış kimi qalxmaq olur.
Daha maraqlısı isə budur ki, bu vərdiş təkcə yuxunu yox, ümumi psixoloji vəziyyəti də təsir altına alır. Gecə saatlarında sosial mediada vaxt keçirmək beyni sakitləşdirmək əvəzinə daha da aktivləşdirir. Yeni məlumatlar, xəbərlər, videolar və s. bunların hamısı beyni “oyaq rejimdə” saxlayır. Bu isə uzun müddətdə stressin artmasına, diqqət dağınıqlığına və hətta əhvalın pisləşməsinə səbəb ola bilər.
Bir də boyun və duruş məsələsi var. Qaranlıqda telefona baxanda adətən uzanmış vəziyyətdə oluruq və başımızı aşağı əyirik. Bu vəziyyət boyun əzələlərinə əlavə yük yaradır. Bəlkə də hiss etmirsiniz, amma səhər boyun ağrısı ilə oyanırsınızsa, səbəb çox güman ki, gecə telefonla keçirdiyiniz vaxtdır.
Təbii ki, məsələ yenə də balansdadır. Əgər gecə telefondan istifadə edirsinizsə, ən azından otaqda zəif də olsa işıq olsun, ekranın parlaqlığını azaldın və mümkün qədər uzun müddət baxmamağa çalışın. Ən idealı isə yatmazdan əvvəl telefondan bir qədər uzaqlaşmaqdır.
Qaranlıqda telefona baxmaq kiçik və zərərsiz vərdiş kimi görünür, amma təsiri yavaş-yavaş üzə çıxır.
Ləman Sərraf






