media-inshot_20260421_183245890

Türkiyədə məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə məcburi kamera nəzarəti sisteminin tətbiqi məsələsi geniş müzakirə olunur. Layihəyə əsasən, məktəbin giriş-çıxışlarında, sinif otaqlarında və digər ümumi sahələrdə quraşdırılan kameralar vasitəsilə toplanan görüntülərin aidiyyəti qurumlara, o cümlədən polis orqanlarına operativ şəkildə ötürülməsi nəzərdə tutulur. Təhlükəsizlik baxımından belə bir addım ölkənin təhsil ocaqlarında ard-arda baş verən insidentlərdən sonra atıldı.

Bəs belə bir sistemin Azərbaycanda tətbiqi nə dərəcədə mümkündür və bu cür nəzarət mexanizmi məktəblərdə baş verən cinayət və neqativ davranışların qarşısını almaqda nə qədər effektiv ola bilər?

Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda məktəblərdə kamera nəzarəti texniki cəhətdən mümkündür və təhlükəsizliyə töhfə versə də, onun tətbiqində hüquqi və etik məsələlər əsas rol oynayır:

“Azərbaycanda belə bir sistemin tətbiqi texniki baxımdan mümkündür. Artıq bir çox məktəbdə giriş-çıxışlarda və həyətlərdə, eləcə də sinif otaqları və dəhlizlərdə daim məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılan müşahidə kameraları quraşdırılıb. Bu sistemlərin daha da genişləndirilməsi, hətta məlumatların real vaxt rejimində hüquq-mühafizə orqanlarına ötürülməsi texnoloji baxımdan çətin deyil. Lakin məsələ təkcə texnologiya ilə məhdudlaşmır – burada hüquqi və etik tərəflər daha ön plana çıxır.

Kamera sistemləri məktəbdaxili zorakılıq, aqressiv davranışlar və kənar şəxslərin qanunsuz şəkildə tədris müəssisəsinə daxil olması kimi halların qarşısının alınmasında müəyyən qədər effektiv vasitə ola bilər. Xüsusilə giriş-çıxışların nəzarətdə saxlanılması və ümumi ərazilərin monitorinqi qabaqlayıcı təsir göstərir. Bu, həm valideynlər, həm də məktəb rəhbərliyi üçün əlavə güvən yaradır”.

media-img-20260421-wa0047

P.Qədimova qeyd edir ki, kamera nəzarəti təhlükəsizliyi artırsa da, məktəbdə problemlərin köklü həlli üçün psixoloji və sosial amillərə yönəlmiş sistemli yanaşma daha vacibdir:

“Amma burada əsas məsələ odur ki, kamera nəzarəti problemi kökündən həll etmir, sadəcə onun nəticələrini idarə etməyə kömək edir. Məktəbdə neqativ halların yaranmasının əsas səbəbləri – psixoloji gərginlik, ünsiyyət problemləri, ailə və sosial mühit təsirləri kameralarla aradan qalxmır. Kameraların əsasən ümumi ərazilərdə yerləşdirilməsi, məlumatların yalnız zəruri hallarda və hüquqi əsaslarla istifadə olunması, eyni zamanda məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, müəllim-valideyn əməkdaşlığının artırılması daha effektiv nəticə verə bilər.

Ümumiyyətlə, kamera nəzarəti təhlükəsizliyi artıran bir alət kimi faydalıdır, lakin onu əsas həll yolu kimi təqdim etmək doğru deyil. Əsl həll yolu daha sağlam məktəb mühiti, güclü pedaqoji yanaşma və uşaqların psixoloji rifahını ön plana çıxaran sistemli dəyişikliklərdən keçir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər