media-img-20251204-wa0009

Son vaxtlar insanlar oyunlar, filmlər və mobil tətbiqlərdən istifadə edərkən qarşılarına çıxan gözlənilməz reklamların təhlükəsizliyi barədə daha çox narahatlıq ifadə edirlər. Bu cür reklamların bəzən şübhəli mənbələrdən gəlməsi istifadəçilərdə əlavə risk hissi yaradır.

Bəs bu reklamlar kompüter və telefonlarda virus və zərərli proqramlara yol aça bilərmi və bunun qarşısını almaq üçün hansı əsas addımlar atılmalıdır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev Patrul.az -a açıqlamasında bildirib ki, reklamlar malvertising vasitəsilə zərərli proqramlara yol aça bilər:

“Reklamların özü birbaşa virus yükləmir, amma kiber cinayətkarlar son illər “malvertising” adlanan üsulla reklam şəbəkələrini sui-istifadə edərək zərərli yönləndirmələr həyata keçirirlər. Bu, xüsusilə pulsuz mobil oyunlarda, pirat film saytlarında və qeyri-rəsmi tətbiqlərdə daha çox görünür. İstifadəçi reklama kliklədikdə, o, zərərli sayta yönləndirilə və cihaz avtomatik şəkildə exploit, saxta yeniləmə və ya malware yükləməsi ilə hədəfə çevrilə bilər.Riskdən qorunmağın ən effektiv yolları çox sadədir: birincisi, tətbiqləri yalnız rəsmi mağazalardan yükləmək lazımdır. Android istifadəçiləri üçün “unknown sources” funksiyasının bağlı olması xüsusilə vacibdir. İkincisi, reklam bloklayıcılarından istifadə etmək – PC üçün uBlock Origin, mobil cihazlar üçün isə AdGuard riski ciddi şəkildə azaldır. Üçüncüsü, brauzerin və əməliyyat sisteminin daim yenilənməsi çox kritikdir, çünki malvertising hücumları əsasən köhnə sistemlərə təsir edir”.

 

Ekspertlərin sözlərinə görə, reklamlar yalnız rəsmi və təhlükəsiz mühitdə izlənildikdə zərərsizdir:

“Tövsiyəm odur ki, istifadəçilər reklamların cazibədar mesajlarına deyil, mənbənin güvənli olub-olmadığına diqqət etsinlər. Əgər “Telefonunuz yoluxub” və ya “Təcili yeniləmə” kimi mesaj görünürsə, bu artıq 100% zərərli məzmundur və dərhal pəncərə bağlanmalıdır. Nəticə olaraq, reklamlar yalnız təhlükəsiz mühitdə idarə olunduqda zərərsizdir. Rəsmi mağazalar, güvənilən saytlar və güclü təhlükəsizlik həlləri istifadə olunduğu müddətcə risk minimaldır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər