“Rent a car”dan avtomobil götürərkən hansı hüquqi risklər yaranır? - Vəkildən açıqlama
“Rent a car” xidmətindən avtomobil götürmək ilk baxışdan sadə və rahat proses kimi görünsə də, müqavilə və əlavə sənədlərin diqqətlə oxunmadan imzalanması sonradan ciddi hüquqi və maliyyə problemlərinə yol aça bilər. Bir çox hallarda vətəndaşlar vaxt itkisi yaşamamaq və ya detallara önəm vermədikləri üçün sənədlərin şərtlərini araşdırmadan razılıq verirlər. Lakin bu sənədlərdə cərimələr, əlavə ödənişlər, məsuliyyət bölgüsü və istifadə qaydaları ilə bağlı mühüm bəndlər yer alır ki, sonradan mübahisə zamanı məhz həmin imzalanmış şərtlər əsas götürülür.
Bu baxımdan sual yaranır: “Rent a car”dan avtomobil götürərkən müqavilə və digər sənədləri diqqətlə oxumadan imzalamaq sonradan hansı hüquqi məsuliyyətlərə, o cümlədən cərimə və əlavə ödənişlərə səbəb ola bilər?
Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, müqaviləni oxumadan imzalamaq icarəçinin bütün şərtləri qəbul etdiyini təsdiqləyir və sonradan cərimə, əlavə ödəniş və digər öhdəliklərdən yayınmaq hüquqi baxımdan mümkün olmur:
““Rent a car” xidmətindən avtomobil götürərkən müqavilə və ona əlavə edilən bütün sənədlərin diqqətlə oxunmadan imzalanması, hüquqi baxımdan icarəçi üçün ciddi və bəzən də gözlənilməz nəticələr doğura bilər. Praktikada avtomobil icarəsi müqavilələri risklərin əvvəlcədən bölüşdürülməsinə əsaslanan standart sənədlər hesab olunur və imza atılması icarəçinin həmin şərtlərlə tanış olduğunu, onları anladığını və qəbul etdiyini ifadə edir. Bu səbəbdən sonradan “müqaviləni oxumamışam” və ya “şərtlər mənə izah edilməyib” kimi arqumentlər, adətən, məsuliyyəti aradan qaldırmır. Müqavilədə göstərilən icarə müddəti, gecikmə haqları, əlavə yürüş ödənişləri, yanacaq qaydaları, təmizlik və inzibati xərclər, eləcə də cərimə mexanizmləri hüquqi baxımdan məcburi öhdəlik kimi qəbul olunur və onların icrasından yayınmaq adətən mümkün olmur”.

R. Qaraşov sığorta şərtlərinin pozulduğu hallarda icarəçinin təkcə dəymiş zərəri deyil, həmçinin evakuasiya, servis və digər əlavə xərcləri də ödəməli olduğunu, şirkətin isə bu məbləğləri depozitdən tutmaq hüququna malik olduğunu vurğulayıb:
“Ən həssas və riskli məsələ sığorta şərtləri və zərərin ödənilməsi mexanizmidir. Praktikada avtomobilin zədələnməsi, oğurlanması və ya qəza hallarında sığortanın hansı həddə tətbiq edildiyi, zərərin hansı hissəsinin icarəçi tərəfindən ödənildiyi və hansı hallarda sığorta təminatının qüvvədən düşdüyü xüsusi əhəmiyyət daşıyır. Sərxoş vəziyyətdə idarəetmə, qəza yerini tərk etmə, avtomobilin müqavilədə göstərilməyən şəxs tərəfindən idarə olunması, nəqliyyat vasitəsinin üçüncü şəxsə icazəsiz verilməsi və ya açıq səhlənkarlıq hallarının əksər hallarda sığorta təminatını istisna etdiyi təcrübədə geniş qəbul olunmuş yanaşmadır. Bu cür hallarda icarəçi yalnız təmir xərclərini deyil, həmçinin evakuasiya, saxlanma, servis və avtomobildən istifadə imkanının itirilməsi ilə bağlı əlavə maliyyə tələblərini də ödəmək məcburiyyətində qala bilər. Eyni zamanda, depozit mexanizminin mahiyyəti də çox vaxt düzgün anlaşılmır: müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində şirkətin depozitdən tutulma aparmaq və bəzi hallarda sonradan aşkar olunan cərimə və xərcləri həmin məbləğ hesabına bağlamaq hüququ mövcuddur”.
Vəkilin sözlərinə görə, yazılı müqavilə olmasa belə avtomobilin faktiki təhvil verilməsi hüquqi məsuliyyət yaradır və zərər, sığorta, eləcə də avtomobilin kim tərəfindən idarə olunması ilə bağlı bütün risklər birbaşa icarəçinin üzərində qalır:
“Digər mühüm məqam ondan ibarətdir ki, hüquqi məsuliyyət yalnız yazılı müqavilənin mövcudluğu ilə məhdudlaşmır. Avtomobilin faktiki təhvil verilməsi, ödənişin həyata keçirilməsi, yol vərəqəsi və ya təhvil-təslim aktının tərtibi faktiki icarə münasibətinin mövcudluğunu təsdiqləyir və bu münasibət hüquqi nəticələr doğurur. Zərər hallarında əsas prinsip dəyişməz qalır: zərəri vuran şəxs onu ödəməlidir və sığorta yalnız bu öhdəliyin hansı hissəsinin sığortaçı, hansı hissəsinin isə icarəçi tərəfindən icra olunacağını müəyyənləşdirir. Avtomobilin kim tərəfindən idarə edilməsi məsələsi isə xüsusi əhəmiyyət kəsb edir; əgər icarəçi nəqliyyat vasitəsini icazəsiz şəxsə həvalə edirsə, bir çox hallarda sürücü ilə yanaşı özü də birgə məsuliyyət daşıyan tərəf kimi çıxış edir. Buna görə də peşəkar hüquqi yanaşma müqavilənin imzalanmasından əvvəl bütün şərtlərin aydınlaşdırılmasını, sığorta təminatının həcmi və istisnalarının dəqiqləşdirilməsini, depozitin qaytarılma qaydasının yazılı şəkildə təsbit edilməsini, avtomobilin mövcud vəziyyətinin sənədləşdirilməsini və bütün qəbz və sənədlərin saxlanılmasını tələb edir. Bu yanaşma icarəçinin hüquqlarını qorumağa, əsassız cərimə və əlavə ödəniş risklərini minimuma endirməyə imkan verir”.
Cəmilə Cəfərzadə






