“Rent a car012” şirkəti azyaşlılara avtomobil verib, həyatlarını təklükəyə atır - VİDEO
“TikTok” platformasında “@rentacar012” istifadəçi adı ilə fəaliyyət göstərən kirayə avtomobil şirkəti barəsində ciddi ittihamlar irəli sürülüb.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, bu şirkət sürücülük vəsiqəsi olmayan şəxslərə, hətta 18 yaşı tamam olmayan azyaşlılara belə avtomobil icarəyə verir.
Məlumata əsasən, şirkətin icarəyə verdiyi avtomobillərin bir çoxunda konstruksiya dəyişiklikləri açıq-aşkar görünür. Bu isə birbaşa olaraq Azərbaycan Respublikasının yol hərəkəti qaydalarının tələblərinə ziddir. Ən təhlükəli məqam isə odur ki, sürücülük hüququ olmayan şəxslərin bu avtomobillərlə hərəkətdə olması həm onların özləri, həm də yol hərəkətinin digər iştirakçıları üçün ciddi təhlükə yaradır.
Mütəxəssislər bildirirlər ki, bu cür qanunsuz fəaliyyət növləri bazarda qanuni şəkildə fəaliyyət göstərən, dövlətə vergi ödəyən kirayə avtomobil şirkətlərinə mənfi təsir göstərir. Belə halların artması nəticəsində yol-nəqliyyat hadisələrinin sayında da artım müşahidə olunur. Qəzalar zamanı avtomobillərə dəyən ziyanın ödənilməsi isə azyaşlılar və ya sürücülük hüququ olmayan şəxslər tərəfindən əksər hallarda valideynlərdən və hüquq-mühafizə orqanlarından gizlədilir. Nəticədə, bu şəxslər borcları ödəmək üçün bəzən qanundan kənar yollara əl atırlar.
Bir sözlə, nəzarətsiz və qanunsuz fəaliyyət göstərən bu şirkət həm cəmiyyət, həm də qanunla tənzimlənən sektor üçün ciddi təhlükə mənbəyinə çevrilir. Bu kimi hallar yalnız hüquqi boşluqlardan sui-istifadə deyil, eyni zamanda qanunsuzluğun sosial nəticələrinin dərinləşməsinə səbəb olur.
Bu sahədə yaranan problemlərin artması isə qanuni fəaliyyət göstərən şirkətlərə olan ictimai inamın azalmasına, onların işinə mənfi təsirin artmasına və ümumilikdə bazarda sağlam rəqabət mühitinin pozulmasına gətirib çıxarır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə çağırış edərək: Cəmiyyət və yol hərəkəti təhlükəsizliyi naminə bu cür fəaliyyət göstərən “şirkət”in o cümlədən “@rentacar012” profilinin arxasında duran şəxs və ya şəxslərin fəaliyyəti araşdırılaraq, qanun pozuntularına hüquqi qiymət verilməsini və məsuliyyətə cəlb olunmalarının təmin edilməsini xahiş edirik.






