Robot tozsoran evdə casusluq edərkən tutuldu
Robot tozsoran evdə casusluq edərkən tutulub.
Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, hindistanlı kompüter mühəndisi Harishankar Narayan istifadə etdiyi “iLife A11” markalı ağıllı tozsoranın evindən gizli şəkildə məlumat göndərdiyini aşkarlayıb.
Məlumata görə, bir ildən çoxdur istifadə etdiyi tozsoranda qəribə davranışlar müşahidə edən şəxs, cihazın şəbəkə trafikinə baxmaq qərarına gəlib. Nəticədə məlum olub ki, tozsoran evdən daimi şəkildə xarici serverlərə məlumat ötürüb.
O, məlumat ötürülməsini dayandırdıqdan sonra tozsoran qəfil işləməz vəziyyətə düşüb. Mühəndis bunun istehsalçı tərəfindən uzaqdan göndərilən “əmr” nəticəsində baş verdiyini ehtimal edib.
Cihazı sökərək yoxlayan Narayanan tozsoranın Android Debug Bridge (ADB) adlı sistemlə uzaqdan idarə oluna bildiyini və təhlükəsizliyinin zəif olduğunu müəyyən edib. O, həmçinin cihazın evin 3D xəritəsini yaradaraq bu məlumatları istehsalçıya göndərdiyini də aşkarlayıb.
Mühəndisin sözlərinə görə, bu cür ağıllı cihazlar kameralar, mikrofonlar və sensorlar vasitəsilə istifadəçilərin şəxsi həyatına müdaxilə edə bilər.






