media-inshot_20260313_220730302

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə baş verən müharibənin Rusiyaya Ukraynadakı münaqişədən sonra fasilə qazandırmayacağını söyləyib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Parisdə, Yelisey sarayında keçirdiyi birgə mətbuat konfransında danışıb.

Makron qeyd edib ki, Yaxın Şərqdə, xüsusilə ABŞ və İsrailin İrana zərbələri ilə başlayan regional münaqişənin beynəlxalq diqqəti Ukraynadan yayındıracağını düşünən Rusiya yanılır. O, vurğulayıb ki, Rusiyanın Ukraynadakı hərəkətlərinə görə ona qarşı təzyiq azalmayacaq və davam edəcək.

Fransa Prezidenti neft qiymətlərinin artmasına da toxunaraq bildirib ki, qiymətlərin bir barel üçün 100 dolları keçməsi Rusiyaya qarşı sanksiya siyasətinə yenidən baxılması üçün əsas olmamalıdır. O, ABŞ-nin neft qiymətlərini aşağı salmaq məqsədilə bəzi Rusiya nefti ilə bağlı sanksiyaları müvəqqəti yumşaltmaq qərarını tənqid edib və bunun sülhə töhfə vermədiyini deyib.

Danışıqlar zamanı Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi və təxminən 600–1000 gəmidən ibarət olduğu bildirilən “kölgə donanması”na qarşı təzyiqin artırılması məsələsi də müzakirə olunub.

Görüşdə həmçinin Ukraynaya pilotsuz uçuş aparatlarının verilməsi, hava hücumundan müdafiə sistemləri, birgə silah istehsalı və Avropa İttifaqının 90 milyard avroluq yardım paketinin açılması məsələləri də gündəmdə olub.

Qeyd edək ki, bu səfər Volodimir Zelenskinin 2022-ci ildən bəri Fransaya etdiyi 12-ci səfərdir.


Bənzər xəbərlər