media-inshot_20260716_145646121

2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi artıq 1604-cü gününə qədəm qoyur. Bu müharibə təkcə Şərqi Avropanın deyil, bütün dünyanın geosiyasi mənzərəsini dəyişdirərək dövlətləri fərqli mövqelər tutmağa vadar edib. Belarus, İran, Şimali Koreya və Çin Rusiyanı dəstəkləyən ölkələr sırasındadır. Azərbaycan, ABŞ, Avropa İttifaqı ölkələri, Kanada, Yaponiya, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreya isə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər.

Hər bir müharibədə olduğu kimi, bu münaqişədə də dövlətlər müxtəlif siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına əsaslanaraq mövqe nümayiş etdirirlər. Lakin müharibədə həmişə “işğalçı” və “işğala məruz qalan” tərəf olur.

Moskva-Kiyev müharibəsində isə ilk olaraq sərhədləri pozan, 2014-cü ilə qədər Ukraynanın ərazi bütövlüyünü tanıyan, daha sonra isə Krımı ilhaq edən Rusiya olub. Eyni vəziyyət 2022-ci ildə də təkrarlandı. Rusiya həmin il də həm beynəlxalq hüququ, həm də Ukrayna ilə imzaladığı rəsmi sənədləri pozaraq genişmiqyaslı hücuma başladı.

Uzun sözün qısası, ölkəmizin də mövqeyi işğalçı dövlətin deyil, işğala məruz qalan Ukraynanın yanında oldu. Xatırladaq ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda Ukraynaya dəstəyini ifadə edib. Bu çıxış isə Rusiyada geniş müzakirələrə səbəb oldu. Xüsusilə Kremlin sözçüsü Dmitri Peskov Azərbaycanın mövqeyinin yanlış olduğunu, bu məsələdə fikir ayrılıqlarının olduğunu vurğuladı.

Onu da bildirək ki, AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra Bakı ilə Moskva arasında gərginlik yaransa da, Azərbaycan münasibətlərin tamamilə pozulmaması istiqamətində təmkinli mövqe nümayiş etdirdi. Buna baxmayaraq, son dövrlərdə Moskvada Rusiya vətəndaşlığı daşıyan  Azərbaycan əsilli şəxslərə qarşı həyata keçirilən tədbirlər Bakıda narahatlıqla qarşılanır.

Bütün bunları nəzərə alaraq, iki ölkə arasında münasibətlər əvvəlki səviyyəyə qayıda bilərmi?

Bununla bağlı politoloq Əli Mustafa Patrul.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, hazırda Ukrayna ilə ağır müharibə şəraitində olan Rusiya heç bir ölkə ilə münasibətlərini daha da pisləşdirməkdə maraqlı deyil:

“Azərbaycanın mövqeyi haqlıdır. Bu gün Rusiya təcavüzkar tərəf kimi çıxış edir və ədalətsiz müharibə aparır. Digər tərəfdən, Azərbaycanın Ukrayna ilə bağlı mövqeyində hər hansı yanlışlıq yoxdur. Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıdıqdan sonra həmin ölkənin bir hissəsini işğal etməklə beynəlxalq hüququ pozub. Buna görə də ilk növbədə Kreml öz siyasətinə yenidən baxmalıdır”.

media-a71

Həmsöhbətimiz əlavə edib ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlaması Azərbaycanın mövqeyinə etiraz xarakteri daşısa da, əvvəlki dövrlərlə müqayisədə daha təmkinli idi:

“Keçən il Rusiya daha sərt addımlar atırdı. Hazırda isə ölkənin bütün diqqəti müharibəyə yönəlib. Ukrayna dronları artıq cəbhə xəttindən kənarda da Rusiya ərazisində zərbələr endirir. Belə bir şəraitdə Moskvanın Azərbaycanla münasibətləri daha da gərginləşdirmək imkanları əvvəlki qədər geniş deyil. Hesab edirəm ki, Peskovun açıqlaması Kremlin verə biləcəyi ən sərt siyasi reaksiya idi və bundan daha irəli gedilməsi gözlənilmir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər