media-inshot_20260408_185214068

Rusiya Elmlər Akademiyasında ölkənin yeni kosmik strategiyası çərçivəsində Ay səthində xüsusi statuslu ərazilərin yaradılması ideyası irəli sürülüb.

Patrul.az xəbər verir ki, bu barədə Moskva – Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında “Kosmos” milli layihəsi müzakirə olunarkən vitse-prezident Sergey Çernışov bildirib ki, Rusiyanın Ay proqramı gələcəkdə peyk səthində “suveren zonaların” formalaşdırılmasına imkan yarada bilər.

Layihəyə əsasən, proqramın 2036-cı ilə qədər həyata keçirilməsi planlaşdırılır. Bu müddət ərzində yalnız Ay missiyalarına təxminən 700 milyard rubl (təxminən 7,5 milyard dollar) vəsait ayrılması nəzərdə tutulur. Ümumilikdə isə “Kosmos” milli layihəsinin maliyyələşdirilməsinin 4,4 trilyon rubla çatacağı proqnozlaşdırılır.

Strategiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə Ay səthinə eniş texnologiyalarının inkişaf etdirilməsi, ikinci mərhələdə isə (2032–2036-cı illər) Ay bazalarının qurulması və eniş zonasından kənar ərazilərin tədqiqi üçün imkanların yaradılması planlaşdırılır.

Bununla belə, beynəlxalq hüquq bu cür təşəbbüsləri məhdudlaşdırır. 1967-ci ildə qəbul edilmiş Xarici Kosmos haqqında Müqavilə əsasən, Ay daxil olmaqla heç bir göy cismi dövlətlərin suveren ərazisi hesab edilə bilməz və mənimsənilə bilməz.

Qeyd edək ki, Rusiyanın Luna-25 missiyası 2023-cü ildə uğursuzluqla nəticələnmişdi. Buna baxmayaraq, ölkənin yeni kosmik planları həm elmi ictimaiyyətdə, həm də beynəlxalq mediada geniş müzakirələr doğurur.


Bənzər xəbərlər