Sabunçu bazarına yaxın ərazidə sürücülər üçün yeni "dairə" yarandı - VİDEO
Sabunçu rayonu Sabunçu bazarına yaxın ərazidə uzun müddətdir davam edən su sızması problemi yerli sakinlərin və sürücülərin ciddi narahatlığına səbəb olub. “Azərsu” ASC-nin hələ də həll edə bilmədiyi bu sızma artıq yolda böyük bir çuxurun yaranmasına gətirib çıxarıb.
Əhalinin sıx məskunlaşdığı və gündəlik nəqliyyatın, piyadaların intensiv hərəkət etdiyi bu məkanda təhlükəli vəziyyət hökm sürür. Yaranmış çuxur həm yolun hərəkət hissəsini daraldır, həm də qəza riskini artırır. Maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, bəzi sürücülər bu çuxurdan geri dönmək üçün dairəvi hərəkət meydançası kimi istifadə etməyə başlayıblar.
Yerli sakinlər bildirirlər ki, dəfələrlə məsələ ilə bağlı aidiyyəti qurumlara, xüsusilə “Azərsu”ya müraciət etsələr də, problem uzun müddətdir aradan qaldırılmır.
Patrulaz.az olaraq məsələni diqqətdə saxlayırıq və aidiyyəti qurumların bu problemi təcili həll etməsinə ümid edirik.






