media-retouch_2025071120115778

Əhali artımı sadəcə bir say göstəricisi deyil. Bu artım milyonlarla insanın daşıdığı yaradıcılıq, əmək, inkişaf və dəyişiklik potensialının artması deməkdir. Müxtəlif xalqların, fərqli baxışların və yenilikçi düşüncələrin bir araya gəlməsi nəticəsində dünya daha dinamik, daha zəngin və daha rəngarəng bir məkana çevrilir.  Dünyanı insansız, ölkəni isə əhalisiz təsəvvür etmək mümkün deyil.

Bəzən adi görünən hadisələr tarixdə dərin iz buraxır. Bu mənada iyulun 11-i də xüsusi əhəmiyyət daşıyır.  Bu gün – iyulun 11-i dünyada Ümumdünya Əhali Günü kimi qeyd olunur. Bu tarix, insanlığın artan izinə, əhali sayının yaratdığı qlobal çağırışlar və fürsətlərə bir daha diqqət yetirməyə çağırır.

Maraqlıdır ki, Ümumdünya Əhali Günü necə yarandı?  Bu günün əhəmiyyəti nədən ibarətdir? 

Patrulaz.az-ın araşdırmasına görə,  Ümumdünya Əhali Günü ilk dəfə 1989-cu ildə BMT-nin İnkişaf Proqramının qərarı ilə təsis edilib. Bu tarix təsadüfi seçilməyib. 1987-ci il iyulun 11-də dünya əhalisi ilk dəfə olaraq 5 milyarda çatdı və bu hadisə “Beş Milyard Günü” kimi tarixə düşdü. Hazırda bu rəqəm 8 milyard 200 milyonu keçib. Sadə dillə desək, son 40 ildə dünya əhalisi 3 milyarddan çox artıb. Bəziləri üçün bu sadəcə bir statistika ola bilər, lakin əslində hər bir rəqəm bir həyatdır, bir ailədir, bir məsuliyyətdir…

Hindistan əhali sayının çoxluğuna görə Çini də keçdi…

media-hindistan-ehalisi-200613

BMT-nin 2024-cü il statistikası göstərir ki, artıq ən çox əhaliyə malik ölkə Hindistandır. Bu ölkədə 1 milyard 450 milyondan çox insan yaşayır. Uzun illər bu göstəricidə lider olan Çin isə artıq ikinci sıradadır. Maraqlıdır ki, Hindistanda əhali sıxlığı təkcə iqtisadi deyil, həm də mədəni və sosial çətinliklər yaradır. Bu səbəbdən küçələrdə nəzarət tədbirləri artırılıb, hökumət isə ailə planlaşdırması üzrə maarifləndirmə işlərini gücləndirib.

BMT-dən 11 iyul tarixi münasibəti ilə gənclərə çağırışı…

media-inshot_20250711_200405294

Bu ilin Əhali Günü birbaşa gələcəyin daşıyıcısı olan gənclərə həsr olunub. BMT-nin baş katibi Antonio Quterreş də bu gündə xüsusi olaraq gənclərin gələcəyinə dair çağırış edib:

“Gəlin gənclərin yanında olaq və ədalətli, dinc və ümid dolu bir dünyada hər bir insanın öz taleyini formalaşdıra biləcəyi bir gələcək quraq”… Bu, sadəcə adi sözlər deyil, dünyada hər bir gəncin təhsilə, sağlamlığa, məşğulluğa və şəxsi seçim azadlığına çıxış hüququnun təmin olunmasına çağırışdır. Əks halda, əhalinin artımı keyfiyyətsiz həyatlara, vətəndaş narazılığına və daha dərindən köklənmiş sosial uçurumlara gətirib çıxarır.

Azərbaycanda əhalinin sayı artmaqdadır…

media-inshot_20250711_200514705

Azərbaycanda əhali artımı sadəcə statistik rəqəm deyil, birbaşa strateji məsələdir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, ölkə əhalisinin sayı artıq 10 milyon 300 min nəfəri keçib. Bu artım ilk baxışda təbii proses təsiri bağışlasa da, onun arxasında mühüm sosial, iqtisadi və demoqrafik faktorlar dayanır. Əhali artımı təkcə doğulan körpələrin sayının çoxalması deyil. Bu bir xalqın gələcək hədəflərinin, məsuliyyətlərinin və sosial yükünün artmasıdır. Sevindirici məqamlardan biri də son illərdə nikahların sayında müşahidə olunan artımdır, bu isə ailə institutunun möhkəmlənməsi baxımından müsbət hal sayılır.

İnkişafla paralel getməyən artım risk yarada bilər. Əhali artımı yalnız təbii yolla yox, həm də dövlət siyasətinə bağlı şəkildə yönləndirilməlidir. Artan əhali ilə yanaşı, təhsil, səhiyyə, məşğulluq və yaşayış imkanları da genişlənməlidir. Əks halda bu artım cəmiyyət daxilində bərabərsizliklərə, sosial narazılıqlara və regionlar üzrə balanssızlıqlara səbəb ola bilər

Son illərdə Azərbaycanda urbanizasiya prosesi sürətlənib. Gənclər və ailələr daha yaxşı həyat şəraiti üçün Bakı və digər iri şəhərlərə köç edirlər. Nəticədə, paytaxtda əhali sıxlığı artır, regionlarda isə tədricən insan çatışmazlığı problemi yaranır. Bu vəziyyət daha balanslı regional inkişaf siyasətinə ehtiyac olduğunu göstərir. Əhali artımı, düzgün idarə olunarsa, Azərbaycanın inkişafı üçün böyük bir fürsətə çevrilə bilər. Gənc və işlək yaşda olanların çoxluğu ölkənin iqtisadi, sosial və intellektual inkişaf potensialını artırır. Dövlət son illərdə gənclərə dəstək, ailə institutunun qorunması və sosial rifah proqramları vasitəsilə bu istiqamətdə mühüm addımlar atıb. Bu gün ölkə qarşısında duran əsas çağırış budur:

Artan əhali necə güclü, təhsilli, sağlam və gələcəyə inanan vətəndaşlara çevrilə bilər?… Bu suala cavab yalnız ədalətli idarəetmə, davamlı sosial inkişaf və strateji planlaşdırma ilə mümkündür. Unutmayaq ki, hər yeni doğulan insan bir ümid, hər artan rəqəm bir məsuliyyətdir. Əhali artımı təkcə statistika deyil, bu, bir millətin sabaha dair inandığı gücdür. Bu gücü qorumaq, inkişaf etdirmək və doğru istiqamətə yönəltmək isə bizim bu gün verdiyimiz qərarlardan asılıdır. İnsan var olduqca həyat davam edəcək, məsələ o deyil ki, neçə nəfərik, məsələ odur ki, necə bir cəmiyyət qururuq.


Bənzər xəbərlər