Safari zamanı aslanın hücumuna məruz qalan iş adamı həyatını itirdi
Namibiyada təbiəti qoruma sahəsində fəaliyyəti ilə tanınan iş adamı Bernd Kebbel safari zamanı dişi aslanın hücumuna məruz qalaraq həyatını itirib.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Kunene bölgəsində baş verib.
59 yaşlı Kebbel həyat yoldaşı Conni Kebbel və dostları ilə birlikdə “Skeleton Coast” yaxınlığındakı “Hoanib” Düşərgəsi ətrafında çadır qurmuşdu. Gecə saatlarında maşının üstündə qurulmuş çadırda yatan həyat yoldaşını orada qoyaraq tualet ehtiyacını ödəmək üçün çölə çıxan Kebbel, həmin vaxt dişi aslanın hücumuna məruz qalıb.
Turizm Nazirliyi və polis tərəfindən hadisə yerində toplanan məlumatlara əsasən, Kebbelin boynundan aldığı diş yarası onun ölümünə səbəb olub.
Məlumata görə, Namibiyanın Ətraf Mühit, Meşəçilik və Turizm Nazirliyinin sözçüsü Ndeşipanda Hamunyela yerli mediaya verdiyi açıqlamada, “Təəssüf ki, cənab Kebbelin həyatını itirdiyini təsdiqləyə bilərik,” – deyə bildirib.
Polis sözçüsü İmmanuel İduva isə hadisə ilə bağlı “insan–vəhşi təbiət toqquşması” başlığı altında rəsmi araşdırmanın başladıldığını açıqlayıb. İduva, “Digər düşərgə iştirakçıları aslanı qorxudub uzaqlaşdırmağa cəhd etsələr də, Kebbelin boynundan aldığı ağır yara nəticəsində həyatını xilas etmək mümkün olmayıb,” – deyə əlavə edib.






