Sərhəd Qoşunları günü: Dövlət təhlükəsizliyimizin səssiz qoruyucuları
Hər bir dövlətin təhlükəsizliyi onun sərhədlərinin möhkəm qorunmasından başlayır. Azərbaycan da bu baxımdan istisna deyil. Hər il 18 avqust tarixində ölkəmizdə Sərhəd Qoşunları günü qeyd olunur.
Patrulaz.az xəbər verir ki, bu gün həm Azərbaycan sərhədçilərinin peşə bayramı, həm də dövlət müstəqilliyimizin müdafiəsində onların xüsusi rolunun tanınmasıdır.
Azərbaycan sərhədçilərinin tarixi kökləri XX əsrin əvvəllərinə qədər gedib çıxır. 1919-cu ildə Xalq Cümhuriyyəti dövründə sərhədlərin mühafizəsi üçün xüsusi dəstələr yaradılmışdı. Sovet dövründə bu sistem SSRİ-nin tərkibində fəaliyyət göstərsə də, müstəqilliyin bərpasından sonra sərhədlərin qorunması bir daha dövlətin öz öhdəsinə götürüldü. Sonrakı illərdə inkişaf etdirilərək müasir ordu strukturlarından birinə çevrildi.
Bugün Azərbaycan sərhədçiləri təkcə torpaqlarımızın qorunması ilə deyil, həm də qaçaqmalçılıqla mübarizə, qeyri-qanuni miqrasiyanın qarşısının alınması və təhlükəsizlik risklərinin aradan qaldırılması ilə məşğul olurlar. Onların fəaliyyəti ölkəmizin suverenliyinin, sabitliyinin və təhlükəsizliyinin təminində mühüm rol oynayır.
18 avqust sərhədçilərə yalnız təşəkkür günü deyil, həm də onların fədakarlığını bir daha dərk etmək üçün fürsətdir. Bu gün Azərbaycanın təhlükəsizliyinin “sükut qəhrəmanları”na – sərhədlərimizi qoruyan igidlərə həsr olunur.
Ləman Sərraf






