Sərvətini pəncərədən aşağıya atdı, şəhərdə izdiham yaratdı - VİDEO
Yaşlı qadın sərvətini pəncərədən atıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Çinin Şantou şəhərində lüks mənzilin eyvanında baş verib.
Belə ki, bir qadın balkonundan aşağıya təxminən 1 milyon Honkonq dolları (215-220 min Azərbaycan manatı) məbləğində pulu səpələyib. Bu isə vətəndaşların dərhal əraziyə axışmasına və pulları yığmasına səbəb olub.
Pul havaya qalxdıqca nəqliyyat sıxlığı yaranıb, sürücülər və piyadalar pulları toplamaq üçün izdiham yaradıblar.
Hadisədən sonra əraziyə polis əməkdaşları cəlb olunub. Yaşlı qadının davranışını müəyyən etmək üçün araşdırmalara başlanılıb.
Yerli hakimiyyət orqanlarının verdiyi rəsmi məlumata görə, qadın ailə üzvünün ağır xəstəliyi ilə bağlı yaşadığı emosional sarsıntı və stress səbəbindən bu addımı atıb. Qadının vəziyyətinin stabilləşdiyi və ailəsinin nəzarəti altında olduğu bildirilib.
Məlumata görə, çinli qadının bu cür hərəkəti ilk deyil. O, daha əvvəl də pəncərədən pulları “zibil atırmış” kimi səpələyib. Həmin vaxt küçəyə səpələnən pulun məbləği də 1 milyon Honkonq dolları olub.
Qeyd edək ki, sakinlərin yığdığı pulların böyük hissəsi toplanaraq qadına geri qaytarılıb.
Gülbəniz Səfərova






