media-photo-output

Son illərdə süni intellekt texnologiyalarının inkişafı ilə səs klonlama sistemləri də böyük irəliləyiş əldə edib. Artıq bir insanın səsini cəmi bir neçə saniyəlik səs nümunəsi ilə təqlid etmək mümkündür. Bu isə həm yaradıcı sahələrdə yeni imkanlar açır, həm də saxtakarlıq və dezinformasiya risklərini artırır. Buna görə də mütəxəssislər bu texnologiyaların təhlükəsiz istifadəsi üçün müxtəlif nəzarət və identifikasiya üsullarının tətbiqini vacib sayırlar.

Bəs texniki baxımdan bu sistemlərin istifadəsini məhdudlaşdırmaq və saxtalaşdırmaların qarşısını almaq üçün hansı texnoloji həllər mümkündür?

Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, səs klonlamanın yaratdığı risklərə qarşı müxtəlif müdafiə texnologiyaları tətbiq olunur:

“Səs klonlama texnologiyası artıq o qədər inkişaf edib ki, bir insanın səsini bir neçə saniyəlik səs nümunəsinə əsasən tam oxşar şəkildə təkrarlamaq mümkündür. Bu isə texnologiyanın həm maraqlı, həm də təhlükəli tərəfidir. Əsas problem ondadır ki, belə səslər saxtalaşdırma, dələduzluq və manipulyasiya məqsədləri üçün istifadə oluna bilər. Texniki cəhətdən bu texnologiyanın qarşısını tam şəkildə almaq mümkün olmasa da, onun zərərli istifadəsini azaltmaq üçün bir neçə praktik və texnoloji həll mövcuddur.”

E. Həsənov rəqəmsal imza və deteksiya alqoritmlərinin səs klonlamasını aşkarlamaq və saxtalaşdırmaların qarşısını almaqda əsas texnoloji üsullar olduğunu vurğulayıb:

“İlk növbədə rəqəmsal imza (digital watermarking) texnologiyası ön plana çıxır. Bu üsulla səs fayllarına xüsusi, insan qulağı ilə eşidilməyən, amma sistemlər tərəfindən tanına bilən ‘rəqəmsal imza’ yerləşdirilir. Bu, səsin orijinal və ya klonlanmış olduğunu müəyyən etməyə imkan verir. İkincisi audio və deteksiya alqoritmləridir. Süni intellektlə yaradılmış səslər, nə qədər real səslənsə də, dalğa formalarında, tənəffüs səsi və ton keçidlərində müəyyən anormallıqlar buraxır. Yeni deteksiya modelləri bu incə fərqləri analiz edərək klonlanmış səsləri müəyyən edə bilir.”

Ekspertlərin fikrincə, səs autentifikasiyasında əlavə təhlükəsizlik mərhələlərinin tətbiqi fırıldaqçılıq riskini xeyli azalda bilər:

“Bundan başqa, səs vasitəsilə autentifikasiya (məsələn, ‘səs parolu’) sistemlərində yalnız səs yox, çoxmərhələli təhlükəsizlik tətbiq olunmalıdır. Yəni səsin yanında kod, cihaz doğrulaması və ya üz tanıma kimi ikinci mərhələlər də əlavə olunmalıdır ki, fırıldaqçılar üçün imkanlar məhdudlaşsın.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər