Smartfonlarda yavaşlamanın əsas səbəbi nədir? - Texnoloq AÇIQLADI
Smartfonların yaddaşı tez dolduqda, istifadəçilər tez-tez cihazın yavaşladığından və tətbiqlərin gec açıldığından şikayət edirlər. Bu vəziyyət əməliyyat sisteminin boş yaddaş sahəsi olmadan işləməsi və müvəqqəti faylların yığılması ilə bağlıdır.
Telefonun yaddaşı tez dolduqda cihazın performansına necə təsir edir?
Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, telefonun yaddaşı dolduqda, resurs çatışmazlığı səbəbindən işləmə sürəti zəifləyir:

“Telefonun yaddaşı dolanda onun işləmə sürəti məcburi olaraq zəifləyir, çünki telefon da kompüter kimidir və boş yerə ehtiyac duyur. Telefonu kiçik kompüter kimi düşünmək lazımdır. O, gündəlik işləyərkən tətbiqlər açır, bağlayır, məlumatları oxuyur, yazır və bütün bu proseslər üçün mütləq boş yaddaşa ehtiyac duyur. Yaddaş dolanda telefon sadəcə işləmək üçün yer tapa bilmir. Telefonun daxili yaddaşı təkcə şəkil və videoların saxlanması üçün deyil. Sistem tətbiqləri, yeniləmələr, arxa planda gedən proseslər və müvəqqəti fayllar da burada yerləşir. Boş yer qalmadıqda proqramlar gec açılır, ekran donur, bəzi tətbiqlər gözlənilmədən bağlanır. İstifadəçi bunu telefon köhnəlib kimi qəbul edir, amma əslində problem resurs çatışmazlığıdır”.
Texnoloqun sözlərinə görə, telefon əməliyyat sistemi təhlükəsizlik məqsədilə yaddaş azaldıqda performansı bilərəkdən aşağı salır:
“Digər tərəfdən, telefon əməliyyat sistemi təhlükəsizlik baxımından da boş yaddaşa ehtiyac duyur. Sistem özünü qorumaq üçün yaddaş azaldıqca performansı bilərəkdən aşağı salır ki, telefon tam sıradan çıxmasın. Yəni bu nasazlıq yox, cihazın özünü müdafiə mexanizmidir”.
Cəmilə Cəfərzadə






