media-img-20251014-wa0029

Son zamanlar bir sıra şəxslər insanların WhatsApp hesablarını ələ keçirərək onların kontaktlarında olan şəxslərə pul istəkləri göndərir. Bu hallar istifadəçilər arasında ciddi narahatlıq yaradıb və təhlükəsizlik məsələsini aktuallaşdırıb.

Bəs, belə halların qarşısını almaq və “WhatsApp” hesablarını qorumaq üçün hansı effektiv tədbirlər görülməlidir?

Bu barədə İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev Patrulaz.az-a açıqlamasında WhatsApp-ı qorumaq üçün preventiv addımları sadalayıb:

“1. İki pilləli doğrulamanı aktiv edin. WhatsApp içində: Settings → Account → Two-step verification → Enable etmək və PİN kodu daxil etmək lazımdır. E-poçt adresi(“recovery email”) də əlavə etmək lazımdır. Beləliklə, telefon nömrənizlə WhatsApp-ı aktivləşdirmək istəyən kimsə yalnız SMS kodu deyil, sizin müəyyən etdiyiniz PIN kodunu da bilməlidir;

2. SMS-lə gələn 6 rəqəmli doğrulama kodunu heç kimlə paylaşmayın. WhatsApp sizə nömrəni təsdiqləmək üçün SMS vasitəsilə 6 rəqəmli kod göndərir. Heç vaxt bu kodu heç kimə göndərməyin;

3. Cihazınızdakı tətbiq və sistem proqramlarını müntəzəm yeniləyin. Tətbiq versiyası köhnə olduqda bəzi zəifliklər açıq qala bilər. Yeniləmələrdə təhlükəsizlik açıqları düzəldilir;

4. WhatsApp Web / Linked Devices siyahısını yoxlayın və “Log out from all devices” seçimini istifadə edin. Beləliklə, başqa cihazlardan hesabınıza girişləri sonlandıra bilərsiniz;

5. Telefonunuzda WhatsApp-a giriş üçün barmaq izi, üz tanıma və ya PIN daxil edin. Bu, telefonunuz əl dəyişsə belə hesabınıza birbaşa çatmağı çətinləşdirir;

6. WhatsApp-da yedəkləri (Google Drive / iCloud) şifrələyin ki, backup faylları da müdaxilələrə qarşı etibarlı olsun;

7. Gələn mesajlardakı linkləri dəqiqləşdirmədən açmayın, faylları yükləməyin;

8. Güclü və unikal parollar qoyulmalıdır. Eyni zamanda E-poçt hesablarınızı da iki faktor doğrulama ilə qoruyun, çünki WhatsApp bərpası üçün e-poçt istifadə oluna bilər”.

Ekspertin sözlərinə görə WhatsApp hesabınızı qorumaq üçün iki pilləli doğrulama, kodların məxfiliyi, proqram yeniləmələri və güclü təhlükəsizlik tədbirləri vacibdir.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər