Sosial media fenomeni hovuzun dibində ölü tapılıb
Meksikalı sosial media fenomeni və bodibildinq idmançısı Lus Mariya Barrera Agaton, ailəsi ilə birlikdə istirahət etdiyi oteldə ölü tapılıb.
Patrulaz.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, 36 yaşlı qadının cansız bədəni otelin üzgüçülük hovuzunun dibində aşkarlanıb. Onun ölümündən bir neçə həftə əvvəl təhdid edildiyi ortaya çıxıb və hadisə ilə bağlı istintaq başladılıb.
Agaton ailəsi və dostları ilə birlikdə Meksikanın Yukatan ştatında, Kankunun qərbində yerləşən Motul şəhərindəki “Coco Resort & Villas Hotel”də qalırdı. Gecəni yaxınları ilə birlikdə hovuz başında keçirən Luz María, gecə yarısından sonra təkbaşına qalıb və ondan bir daha xəbər alınmayıb.
Səhər saatlarında narahat olan ailə üzvləri onu axtarmağa başlayıb və nəhayət cansız bədənini hovuzun dibində tapıblar. Hadisə yerinə çağırılan təcili tibbi yardım qrupları Agatonun artıq həyatını itirdiyini müəyyən ediblər.
Polis hadisənin qətl ola biləcəyi ehtimalını istisna etmir və araşdırmalar bu istiqamətdə davam etdirilir.






