Məktəbdə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti açıqlandı - RƏSMİ
Bakıda 286 nömrəli tam orta məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırkı vəziyyəti açıqlanıb.
Bu barədə Patrul.az-ın sorğusuna TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, aprelin 20-də sinif yoldaşı tərəfindən yandırılan, 2011-ci il təvəllüdlü şagirdin vəziyyəti hələ də ağır olaraq qalır. Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilən yeniyetmənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Həkimlər yaralının vəziyyətində hələlik heç bir dəyişiklik olmadığını bildiriblər.
Xatırladaq ki, hadisə IX sinif şagirdləri arasında baş verib. Şagirdlərdən biri həmyaşıdının üzərinə spirt tökərək onu alışqanla yandırıb. Məktəb rəhbərliyi dərhal təcili yardım çağırsa da, yeniyetmə ciddi yanıq xəsarətləri alıb.
Hadisəni törətməkdə şübhəli bilinən 2010-cu il təvəllüdlü yeniyetmə barəsində artıq hüquqi tədbirlər görülüb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırmalar davam edir.
Gülbəniz Səfərova






