Sumqayıtda binanın zirzəmisi 3 aydır çirkab su ilə doludur – Sakinlər üfunətdən əziyyət çəkir - VİDEO
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində yerləşən 28-ci binanın zirzəmisində acınacaqlı vəziyyət yaranıb.
Patrulaz.az-a daxil olan videogörüntüdə binanın zirzəmisinin çirkab su ilə dolduğu və bu halın artıq təxminən 3 aya yaxındır davam etdiyi əks olunur.
Şikayətçi sakinlər bildirirlər ki, bu müddət ərzində dəfələrlə aidiyyəti qurumlara – bələdiyyə, Mənzil Kommunal İdarəsi və digər məsul strukturlara müraciətlər edilsə də, heç bir tədbir görülməyib.
“Zirzəmidəki üfunət iyindən nəfəs almaq mümkün deyil. Yay aylarıdır, ağcaqanad və digər zərərvericilər həddindən artıq çoxalıb, sağlamlığımıza ciddi təhlükə yaranıb”, – deyə bina sakini şikayətində bildirib.
Sakinlər qeyd edirlər ki, bu vəziyyət təkcə məişət narahatlığı deyil, həm də epidemioloji təhlükə yaradır. Qapalı mühitdə dayanan çirkab sular infeksiya və xəstəliklərin yayılması üçün münbit şərait formalaşdırır.
Hazırda binanın zirzəmisindən çəkilmiş görüntülərdə suyun səviyyəsinin yüksək olması və qatı üfunətli mühit aydın müşahidə olunur.
Patrul.az olaraq aidiyyəti qurumları məsələyə təcili reaksiya verməyə, sakinlərin təhlükəsizliyi və sağlamlığı naminə zirzəminin təmizlənməsi və dezinfeksiya olunması üçün tədbirlər görməyə çağırırıq.
Gülbəniz Səfərova






