media-inshot_20260123_133434400

Son illərdə süni intellekt modelləri, o cümlədən ChatGPT, həm biznes, həm də fərdi istifadə sahələrində sürətlə yayılıb. Bu texnologiyalar məlumatları emal etmək, avtomatlaşdırılmış cavablar vermək və müxtəlif tapşırıqları asanlaşdırmaq baxımından böyük üstünlüklər təqdim edir. Lakin eyni zamanda kiber təhlükəsizlik baxımından yeni çağırışlar da yaradır.

Belə şəraitdə sual yaranır: ChatGPT və digər süni intellekt modellərinin kiber təhlükəsizlik üçün potensial riskləri nələrdir?

Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki,əvvəllər qrammatik səhvlərlə seçilən hakerlər indi ChatGPT kimi modellər sayəsində istənilən dildə peşəkar və manipulyativ mətnləri saniyələr içində hazırlaya bilirlər:

“Süni intellekt, kiberdələduzluğun sosial mühəndislik qolunu daha təhlükəli və peşəkar səviyyəyə çatdırıb. Əvvəllər hakerləri qrammatik səhvlərindən tanımaq mümkün idisə, indi ChatGPT kimi modellər vasitəsilə istənilən dildə, mükəmməl rəsmi üslubda və manipulyativ mətnlər saniyələr içində hazırlanır. Bu texnologiya həmçinin kiberhücumları tam avtomatlaşdırmağa və zərərli proqramların (malware) mürəkkəbliyini artırmağa xidmət edir. Hücumçular modellərin daxili baryerlərini aşaraq sistemlərdəki boşluqları saniyələr içində tapan kodlar yazdırır və ya virusları antivirus proqramlarından yayındırmaq üçün modifikasiya edirlər ki, bu da minimal texniki biliyi olan şəxslərin belə mürəkkəb kiber-silahlara sahib olmasına şərait yaradır”.media-inshot_20260123_132107794

Mütəxəssisin sözlərinə görə, süni intellektə ötürülən məxfi məlumatlar nəzarətsiz sızma riski yaradır:

“Digər fundamental risk isə süni intellekt platformalarına daxil edilən həssas məlumatların konfidensiallığı və sızma ehtimalı ilə bağlıdır. İstifadəçilər şirkətin daxili maliyyə hesabatlarını, proqram kodlarını və ya şəxsi sənədlərini analiz etmək məqsədilə bu modellərə yüklədikdə, həmin informasiya modelin təlim bazasına daxil ola bilər. Bu, nəinki korporativ sirlərin sızması, həm də həmin “qapalı” məlumatların gələcəkdə digər istifadəçilərin sorğularında dolayı yolla üzə çıxması (data leakage) riskini doğurur. Beləliklə, süni intellekt modelləri həm xaricdən gələn hücumları gücləndirən bir alətə çevrilir, həm də daxili məlumat təhlükəsizliyi üçün nəzarət edilməsi çətin olan yeni bir zəiflik nöqtəsi yaradır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər