Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 21-də Astanadakı “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
Patrulaz.az “Kazinform”a isinadla xəbər verir ki, mərkəzdə təqdimat zamanı süni intellekt tətbiqi (robot) prezidentlərə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi barədə məlumat verib.
Mərkəzin laboratoriyalarının əsas məqsədi süni intellekt sahəsində elmi tədqiqatları dəstəkləmək, innovasiyaları təşviq etmək və qabaqcıl texnologiyalar yaratmaqdır. Hər il burada təxminən 10 elmi tədqiqat layihəsi həyata keçirilməsi planlaşdırılır.
Qazaxıstanın Baş nazirinin müavini, Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev dövlət başçılarına süni intellektlə idarə olunan hökumət konsepsiyasını təqdim edib. Səfər çərçivəsində qonaqlara dövlət proseslərinin təhlili və idarə edilməsi, həmçinin GovTech qərarlarının qəbulu üçün situasiya mərkəzi nümayiş etdirilib.
Dövlət başçıları, həmçinin “Smart City” texnologiyaları, robototexnika zonası və müxtəlif sənaye sahələrində süni intellektin tətbiqinə yönəlmiş “Samruk-Kazyna” layihələri ilə tanış olublar.
Bundan əlavə, 1800-dən çox İT şirkəti və startapı birləşdirən Astana Hub innovasiya klasteri, o cümlədən 460-dan çox xarici iştiraklı şirkət, prezidentlərin diqqətinə çatdırılıb.
Liderlərə həmçinin beynəlxalq bazarlara çıxış edən Qazaxıstan şirkətlərinin hazırladığı yeniliklər təqdim olunub.







