Süni intellekt xərçəng xəstələrinin müalicə proqnozlarını daha dəqiq edəcək
Süni intellekt xərçəngin müalicəsində yeni imkanlar yaratmağa başlayıb.
Patrul.az “Euronews”a istinadən xəbər verir ki, Norveçin “DoMore Diagnostics” startapı süni intellektə əsaslanan texnologiya vasitəsilə xərçəng xəstələrinin müalicə nəticələrini əvvəlcədən daha dəqiq proqnozlaşdırmağı hədəfləyib.
Məlumata görə, xərçəng müalicəsində süni intellekt texnologiyalarının tətbiqi bəzi xəstələr üçün kimyaterapiyadan yayınmağa və müalicənin daha dəqiq planlaşdırılmasına şərait yarada bilər.
Şirkətin açıqlamasında bildirilir ki, hazırlanmış süni intellekt aləti xəstələrin müalicəyə reaksiyasını qiymətləndirməkdə patoloqlarla müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirir. Bu isə həkimlərə kimyaterapiya kimi ağır müalicə üsullarının hansı xəstələr üçün zəruri olduğunu müəyyən etməyə imkan verir.
Qeyd edək ki, yeni yanaşma lazımsız və potensial zərərli müalicələrin azaldılmasına, eyni zamanda xəstələrin həyat keyfiyyətinin qorunmasına xidmət edir.






