“Süni intellektdən istifadə etməyən peşələr 2030-cu ildə yox ola bilər” - Türkiyəli mütəxəssisdən xəbərdarlıq
Texnologiya dünyasında baş verən sürətli transformasiya artıq təkcə innovasiya deyil, iş həyatında köklü dəyişikliklərdən də xəbər verir. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər süni intellekt (AI) texnologiyalarını iş proseslərinə inteqrasiya edə bilməyən bir çox peşələr ya tamamilə yox olacaq, ya da ciddi şəkildə azalacaq.
Süni intellektlə birgə işləyən peşələr isə digərlərindən fərqli olaraq yeniliklərə daha açıq olacaq, iş sürəti və məhsuldarlığı ilə seçiləcək. Əslində gələcəkdə süni intellektlə bağlı iki əsas risk mövcuddur:
Birincisi, tamamilə AI tərəfindən əvəz olunan iş sahələri – bu sahələrdə insan iştirakı minimuma enir; İkincisi isə AI təsirindən kənarda qalan peşələr – müasir texnoloji üslub və sürətli zamanla uyğunlaşmayan sahələr, inkişafdan geri qalma riski daşıyır.
Patrulaz.az “NTY”yə istinadla xəbər verir ki, Kompüter Ədli Ekspertiza Mütəxəssisi, Prof. Dr. Əli Murat Kırık süni intellektin indiki zamanda və gələcəkdə mümkün təsirləri barədə bildirib ki, Aİ artıq iş dünyasında əsas oyunçuya çevrilib:
“Süni intellekt öz təsirini bütün peşələrdə hiss etdirəcək. Süni intellektdən istifadə etməyən peşələrin 2030-cu ilə kimi fəaliyyətini dayandıracağını söyləmək təhlükəsizdir”.
Mütəxəssisə görə, rutin işlərin çoxu yaxın illərdə süni intellekt tərəfindən əvəz ediləcək. Bunlara yazı, tərcümə, müştəri xidməti, məlumat girişi və bəzi mühasibatlıq sahələri daxildir:
“Ən riskli işlər təkrarlanan və standart proseslərdir – katiblik, məlumat girişi, zəng mərkəzi və müəyyən inzibati işlər bu qrupa daxildir”, – deyə o bildirib.
Orta riskli və az riskli peşələr
Prof. Dr. Kırık qeyd edir ki, bəzi sahələr süni intellektin dəstəyi ilə dəyişəcək, lakin tamamilə yox olmayacaq:
“Orta riskli işlər tamamilə itmir, sadəcə transformasiya olunur. Müəllimlik, jurnalistika, marketinq kimi peşələr süni intellektlə birgə fəaliyyət göstərəcək”.
Mütəxəssis az riskli işlərin isə insan toxunuşu, empatiya və yaradıcılıq tələb edən sahələr olduğunu vurğulayır:
“Tibb, psixoloji məsləhət, sənətkarlıq və əl bacarıqları tələb edən peşələrdə süni intellekt insanın yerini tuta bilməz. Burada yaradıcılıq və emosional zəka əsas faktordur”.
Süni intellekt nəyə qadirdir, nəyə yox?
Professor bildirir ki, süni intellekt artıq təkrarlanan tapşırıqları daha tez və dəqiq yerinə yetirə bilir, məlumatların təhlilini aparır, bəzi rutin qərarlar qəbul edir və sadə məzmunlar yaradır. Lakin onun da məhdudiyyətləri var:
“AI, insan kimi düşünmək, hiss etmək, empati qurmaq, yaradıcı tapşırıqları yerinə yetirmək və mürəkkəb situasiyalarda qərar vermək kimi sahələrdə uğursuz olur. Eyni zamanda çevik fiziki bacarıqları da əvəz edə bilmir”.
Ekspertin fikrincə, süni intellekt bəzi iş yerlərini yox etsə də, eyni zamanda yeni imkanlar yaradır:
“Süni intellektlə dəstəklənən vəzifələr məhsuldarlığı artırır və yeni iş sahələri açır. Əsas məsələ işçilərin rəqəmsal bacarıqlarını və insan yönümlü istedadlarını inkişaf etdirməsidir. Texnologiyaya təhlükə kimi deyil, alət kimi baxmaq lazımdır”.
Prof. Dr. Kırık sonda əlavə edib:
“Gələcək, insanların və süni intellektin birlikdə işlədiyi dövr olacaq. Bu prosesə uyğunlaşanlar üstünlük qazanacaq, uyğunlaşmayanlar isə risk altında qalacaq. Lakin bir həqiqət dəyişməz qalır – süni intellekti yaradan və inkişaf etdirən yenə insandır”.






