Süni intellektlə yaradılan mahnılar niyə qısa zamanda populyarlıq qazanır? - SƏBƏB BUDUR
Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı yaradıcı sahələrə də ciddi təsir göstərməyə başlayıb. Xüsusilə musiqi sənayesində süni intellekt tərəfindən yaradılan mahnılar qısa müddətdə geniş auditoriyanın diqqətini cəlb edir. Bu tip musiqilər həm janr müxtəlifliyi, həm də dinləyicinin zövqünə uyğunlaşdırılma imkanı ilə seçilir və rəqəmsal platformalarda sürətlə yayılır. Bəs süni intellekt tərəfindən yaradılan mahnılar niyə bu qədər tez populyarlıq qazanır?
Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektlə yaradılan mahnılar dinləyici vərdişlərini analiz edərək trendlərə uyğun, qulağa tez yatan və qısa zamanda kütləvi şəkildə istehsal olunduğu üçün sürətlə populyarlıq qazanır:
“Məncə süni intellektlə yaradılan mahnıların bu qədər tez məşhurlaşmasının əsas səbəbi onların bugünkü dinləmə vərdişlərinə uyğun gəlməsidir. İndi insanlar musiqini daha çox sosial şəbəkələrdə, qısa videolarda, fon kimi dinləyirlər. Süni intellekt də məhz bu davranışları analiz edir və qulağa tez yatan, ritmik mahnılar yaradır. Yəni dinləyicinin nəyi sevdiyini statistik olaraq bilir və ona uyğun nəticə ortaya qoyur. Digər tərəfdən, süni intellekt çox sürətlidir. Trendlər dəyişən kimi dərhal yeni üslubda mahnı yarada bilir. Məsələn, hansısa ritm və ya janr trend olursa, AI qısa vaxtda onlarla oxşar mahnı hazırlayır və bu da platformalarda sürətlə yayılmasına səbəb olur”.

Ekspert sözlərinə görə, süni intellekt musiqiləri texnologiya marağı, tanış üslubların təqlidi və sadə, yüngül emosional quruluşu sayəsində sosial şəbəkələrdə daha tez yayılır:
“İnsan yaradıcılığında isə bu proses daha uzun çəkir. Burada bir başqa maraq faktoru da var. İnsanlar süni intellektin yaratdığı musiqini dinləyərkən təkcə mahnıya yox, texnologiyanın özünə də maraq göstərirlər. Yəni “bunu doğrudan da maşın yaradıb?” sualı əlavə diqqət yaradır. Xüsusilə tanış səslərə oxşar məşhur üslubların təqlidi dinləyicini cəlb edir. Bir səbəb də odur ki, AI mahnıları adətən sadə, asan qavranılan və emosional baxımdan yüngül olur. Dərin məna axtarmayan, sadəcə əhvalını yaxşılaşdırmaq və ya video üçün fon musiqisi axtaran insanlar üçün bu cür mahnılar çox uyğundur. Sosial şəbəkə dövründə məhz bu tip musiqilər daha tez yayılır”.
Cəmilə Cəfərzadə






