Süni yağışın yağdırılması ətraf mühitə zərərlidirmi? - Ekoloq AÇIQLADI
Son illərdə iqlim dəyişiklikləri və su qıtlığı ilə bağlı məsələlər dünyada ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. İnsanlar təbii yağışın çatışmadığı bölgələrdə süni yollarla su əldə etməyi düşünürlər. Lakin bu proses həm yüksək maliyyətlidir, həm də ətraf mühitə potensial zərər verə bilər.
Azərbaycanda da 2025-2027-ci illərdə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılacaq.
Bəs süni yağış necə yağdırılır? Bunun ətraf mühitə və insanlara zərəri varmı?
Bu barədə ekoloq Rövşən Abbasov Patrulaz.az-a açıqlamasında süni yağışın zərərli olduğunu və bu səbəbdən də onun sussuz olan yerlərdə ən az istifadə olunan üsullardan birinin olduğunu qeyd edib:
“Süni yağışların yağdırılması həmişə bir ideya kimi gündəmdə olmuş bir məsələdir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, süni yağışların yağdırılması üçün çox böyük xərclər tələb olunur. Digər tərəfdən, süni yağışlar yağdırılan zaman havaya xüsusi duzlar səpilir və bunun ətraf mühitə bəzi neqativ təsirləri olur. Buna görə də mən hesab etmirəm ki, bu vasitə ilə biz su problemini hansısa şəkildə həll edə bilərik. Əlbəttə, ötən əsrin 50-ci illərində bu texnologiyaların inkişaf etdirilməsi üzərində çox ciddi işlər gedirdi. Çox təəssüf olsun ki, bu nəticələr o dövrdə ürək açan olmadı. Ona görə də bu gün süni yağışların yağdırılması mövcud imkanlar daxilində ehtimalı ən az olan üsul kimi nəzərdən keçirilir”.
Ümumilikdə, süni yağış texnologiyası hələ ki su qıtlığının effektiv həlli kimi görülmür və onun tətbiqi həm maliyyət baxımından, həm də ətraf mühitə təsirləri səbəbindən məhdud qalır. Azərbaycanın bu sahədə hansı addımları atacağı isə gələcəkdə aydın olacaq.
Cəmilə Cəfərzadə






