media-inshot_20250905_134633327

Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş “Neft” filmi böyük uğura imza ataraq “Oscar” mükafatına namizəd kimi irəli sürülüb. Əsər qalib gələcəyi təqdirdə, Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə olaraq bu nüfuzlu mükafata sahib olacaq. Tamaşaçılar və kino mütəxəssisləri indi əsas sualı müzakirə edirlər: “Tağıyevin filmi həqiqətən də Oscar mükafatını qazana bilərmi?”

Filmi izləyənlər onun keyfiyyəti, quruluşu və verdiyi tarixi mesajlarla bağlı müxtəlif fikirlər səsləndirirlər.

Mövzu barəsində kinotənqidçi Sevda Sultanova da Patrulaz.az– öz fikirlərini bölüşərək bildirib ki, “Oscar” mükafatının uzun siyahısına düşmək asandır. Əsas məsələ qısa siyahıya seçilməkdir:

“Milli kino tariximiz (söhbət tammetrajlı bədii filmlərdən gedir) real şəxsiyyətlərin həyatını ekranlaşdıran bioqrafik filmlər sarıdan çox zəngin olmasa da, göründüyü kimi bu janrda müəyyən ənənə formalaşıb. “Oscar”mükafatının uzun siyahısına ölkəmizdən demək olar ki, hər il filmlər düşür. Əsas məsələ qısa siyahıya daxil olmaqdır.

Kinotənqidçinin sözlərinə görə, bu mükafatı qazanmaq üçün müəyyən məsələlərə diqqət yetirilir. O bildirir ki, bioqrafik bədii film çəkmək çətindir, amma “Tağıyev” filmi  böyük xronometrajı ilə fərqlənir:

“Bioqrafik bədii film çəkmək mürəkkəb prosesdir, çünki yaradıcı yanaşma, forma tapmaq, real şəxsiyyətə və hadisələrə rejissor baxışı gətirməklə yanaşı, tarixi məsuliyyət də tələb olunur.

Rejissor Zaur Qasımlının “Bakı Media Mərkəzi” tərəfindən istehsal olunmuş dörd hissəli “Tağıyev” bədii filmi Bakı milyonçuları haqda çəkilən ilk ekran işi deyil. Rövşən Almuradlının “Yük” (1995, ssenari müəllifi Şahmar Ələkbərov) filmi başqa bir məşhur neft milyonçusu – Ağa Musa Nağıyevin həyatının bir mərhələsini əhatə edirdi. Orada Bakı Real Məktəbinin tikildiyi dövr Nağıyevin xəsisliyi ilə kontrast təşkil edən işıqlı tərəflərlə göstərilmişdi. “Tağıyev” filmi isə hər şeydən əvvəl böyük xronometrajı ilə fərqlənir və hər hissədə Hacı Zeynalabdin Tağıyevin həyatının müxtəlif mərhələləri əks olunur”.

Ölkəmizdə hazırda bütün diqqətlər “Neft” filminin “Oscar” mükafatında hansı nəticə göstərəcəyinə yönəlib. Əgər film qısa siyahıya düşərək qalib gəlsə, bu, Azərbaycan kinematoqrafiyası üçün tarixi dönüş nöqtəsi olacaq.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər