Tailandda 126 yaşlı qadın tapılıb: o, tarixdə ən yaşlı insan ola bilər
Tailandda tarixdə ən yaşlı insan ola biləcək qadın aşkarlanıb.
Patrul.az Yerli “Daily News” nəşrinə istinadən xəbər verir ki, bu iddia rəsmi sənədlərlə təsdiqlənərsə, dünya rekordunu yeniləyə bilər.
Söhbət Quiçe Citsakulvat adlı qadından gedir. Onun şəxsiyyət vəsiqəsində doğum tarixi 5 sentyabr 1900-cü il (Buddist təqvimi ilə 2443-cü il) kimi göstərilib. Bu isə qadının hazırda 126 yaşında ola biləcəyini göstərir.
Məlumata görə, qadın Tailandın Lamphun vilayətinin Li rayonunda, bambukdan tikilmiş ənənəvi evdə yaşayır. O, tay dilini bilmir və yalnız karen etnik qrupunun yerli ləhcəsində danışır.
Yaxınlarının sözlərinə görə, Citsakulvatın bir övladı olub və o, təxminən 40 yaşında vəfat edib. Hazırda qadının üç nəvəsi var və onların ən böyüyünün 37 yaşı var.
Qadın özü bildirir ki, ömrü boyu sağlam həyat sürüb, yalnız bir dəfə xəstəxanaya müraciət edib və uzun müddət düyü sahələrində çalışıb. O, uzunömürlülüyünün sirrini sadə həyat tərzi ilə izah edir: vegetarian qidalanır, gündə üç dəfə yemək yeyir, xüsusilə qızardılmış tofuya üstünlük verir. Bundan əlavə, o, hər gün meditasiya və dua edir, təsbeh çəkir.
Qeyd edək ki, bu cür rekord iddiaları , adətən, beynəlxalq qurumlar ciddi şəkildə araşdırır. Hazırda tarixdə rəsmi olaraq ən uzunömürlü insan kimi Janna Kalman tanınır. O, 122 il yaşayıb.
Aynur Nadirqızı






