Telefon itdikdə maliyyə və şəxsi məlumat təhlükəsizliyi necə təmin edilməlidir? - Ekspert məsləhətləri
Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi üçün onların itirilməsi təkcə maddi deyil, həm də şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risk yaradır. Telefonda saxlanılan şəxsi yazışmalar, fotolar, bank tətbiqləri və digər məlumatlar bu cür hallarda sui-istifadə təhlükəsi ilə üz-üzə qala bilər.
Telefon itərsə ilk olaraq hansı addımlar atılmalıdır və “Find My Phone” funksiyası vasitəsilə cihazı uzaqdan tapmaq, kilidləmək və ya məlumatları silmək mümkündürmü?
Bu barədə it mütəxəssisi Natiq Məmişov Patrul.az-a açıqlamasında bildirib ki, telefon itdikdə dərhal SIM kartı bağlatdırmaq və bank kartlarını bloklamaq lazımdır:
“Ümumiyyətlə, bu məsələyə iki istiqamətdən yanaşmaq lazımdır. Bir tərəfdən əsas məqsəd hesabları və ödənişləri qorumaqdır, digər tərəfdən isə telefonu tapmaq və heç olmasa, içindəki məlumatların təhlükəsizliyini təmin etməkdir. İlk növbədə maliyyə təhlükəsizliyinə diqqət yetirilməlidir.Telefon itər-itməz mobil operatorla əlaqə saxlayaraq xətti müvəqqəti olaraq bağlatdırmaq lazımdır. Xüsusilə SIM kart aktiv qalırsa, SMS-lər üzərindən gələn təsdiq kodları bank hesabları üçün risk yarada bilər. Buna görə də SIM kartın deaktiv edilməsi vacibdir. Eyni zamanda, bank məlumatları və ödəniş vasitələri qorunmalıdır. Bank kartlarını müvəqqəti bloklamaq, mobil bank tətbiqinə giriş mümkün olarsa parolu dəyişmək, şübhəli əməliyyatlar aşkar edildikdə isə dərhal bankın çağrı mərkəzinə məlumat vermək lazımdır”.

Mütəxəssis vurğulayır ki, hesabları qorumaq üçün iki mərhələli doğrulama aktiv edilməli və telefon tapılmazsa, uzaqdan kilidləmə və məlumat silmə tətbiq olunmalıdır:
“Bundan əlavə, Apple ID, Gmail, iCloud, messencerlər və sosial şəbəkə hesablarının təhlükəsizliyi təmin edilməlidir. Mümkünsə bütün hesablar üçün iki mərhələli doğrulama aktiv edilməlidir.Əgər telefon ümumiyyətlə tapılmırsa, bu halda hüquq-mühafizə orqanlarına məlumat vermək məqsədəuyğundur. Paralel olaraq “Find My iPhone” və ya “Find My Phone” funksiyası vasitəsilə cihazı tapmaq, kilidləmək və ya məlumatları uzaqdan silmək mümkündür”.
Ekspertin sözlərinə görə, əgər telefonu geri tapmaq mümkün deyilsə, əvvəlcə “Lost Mode” ilə kilidləmək, lazım gələrsə məlumatları uzaqdan silmək lazımdır:
““Find My Phone” ilə tapmaq, kilidləmək, silmək mümkündürmü?
Bəli, həm iPhone, həm Android-də mümkündür. Amma bir şərtlə: bu funksiya əvvəlcədən aktiv olmalıdır və cihaz ən azı bir dəfə şəbəkə,Find şəbəkəsinə “görünə” bilməlidir.
Nə edə bilərsiniz:
Yeri göstərmək (xəritədə)
Səs çaldırmaq
“Lost Mode ,Mark as Lost” aktiv edib kilidləmək və ekrana mesaj,telefon yazmaq Uzaqdan silmək (Erase iPhone) cihaz offline-dırsa “Erase Pending” qalır, internetə qoşulan kimi silir.
Hardan idarə olunur:
Başqa Apple cihazından Find My tətbiqi ilə
Brauzerdən iCloud vasitəsi ilə.
Praktiki olaraq məsləhət ondan ibarətdir ki, telefonu geri tapmaq şansı varsa, əvvəlcə cihazı kilidləmək lazımdır. Bu proses “Lost Mode” (itirilmiş rejim) adlanır.
Əgər telefonun geri qaytarılmayacağı aydındırsa və içərisində həssas məlumatlar mövcuddursa, bu halda məlumatların uzaqdan silinməsi daha doğru qərar ola bilər”.
Cəmilə Cəfərzadə






