Telefon və televizor qarşısında yuxuya gedənlər, yatdığınızı düşünürsünüz? - Beyniniz sizə oyun oynayır!
Gecə yorğun halda yatağa uzanır, son dəfə telefona baxır, televizorun səsi altında yuxuya getdiyinizi düşünürsünüz. Amma əslində beyniniz yatmır. Siz yuxuda olduğunuzu zənn edərkən, bədəniniz hələ də “gündüz rejimi”ndə qalır. Mütəxəssislərin illərdir xəbərdarlıq etdiyi bu vərdiş, səssiz-səmirsiz sağlamlığınızı risk altına atır.
Patrul.az-ın araşdırmasına görə, yatmazdan əvvəl telefondan istifadə, televizor qarşısında yuxuya getmək və ya otaqda gecə işığının yanılı qalması beynin bioloji saatını ciddi şəkildə pozur. İnsan gözləri qapalı olsa belə, ətraf mühitdən gələn işıq birbaşa gözün daxili qatına – retinaya təsir edir. Retina bu işığı qəbul etdiyi anda beyinə “hələ gündüzdür” siqnalı göndərir.
Bu proses zamanı yuxu hormonu hesab olunan “melatonin”in ifrazı azalır. Nəticədə insan yatdığını düşünsə də, beyin istirahət mərhələsinə keçmir. Başqa sözlə, belə hallarda insan yatmır, sadəcə yataqda vaxt keçirir.
Araşdırma zamanı əldə olunan məlumatlara əsasən, xüsusilə telefon, planşet, kompüter və televizorlardan yayılan mavi işıq beyin tərəfindən gündüz işığı kimi qəbul edilir. Bu isə yuxuya getmə prosesini ləngidir, yuxunun dərinliyini azaldır və səhər oyanarkən yorğunluq hissini artırır.
Məsələ təkcə yuxusuzluqla bitmir. “Melatonin”in azalması uzun müddətdə diqqət dağınıqlığına, xroniki yorğunluğa, stressin artmasına və hormonal balansın pozulmasına səbəb ola bilər. Araşdırmalar göstərir ki, bu hormon eyni zamanda immun sisteminin fəaliyyəti və hüceyrələrin bərpasında da mühüm rol oynayır.
Bir sözlə, gecə işığı yanılı vəziyyətdə yatmaq insanın istirahət etdiyini düşünməsinə baxmayaraq, bədənin real mənada dincəlməsinin qarşısını alır. Beyin qaranlıq siqnalı almadıqca yuxu rejiminə keçmir.
Mütəxəssislərin ümumi qənaətinə əsasən, ən sağlam yuxu tam qaranlıq mühitdə mümkündür. Yataq otağında işıq mənbələrinin söndürülməsi, telefon və elektron cihazlardan yatmazdan əvvəl uzaq durmaq, zərurət olduqda isə göz maskasından istifadə etmək tövsiyə olunur.
Gülbəniz Səfərova






