Tənhalıq siqaretdən təhlükəlidir - Elmi faktlar
Bu gün müasir dünyanın ən böyük və ən təhlükəli problemlərindən biri səssiz şəkildə yayılmaqdadır. Bu tənhalıqdır.
Bu problem nə müharibə kimi səs-küy salır, nə də təbii fəlakət kimi diqqət çəkir. Amma insanı içdən-içə zəiflədir, həm fərdi, həm də cəmiyyəti yavaş-yavaş çökdürür. Dünya heç vaxt indiki qədər izdihamlı olmayıb. Şəhərlər doludur, küçələr adam əlindən tərpənmir, sosial şəbəkələr minlərlə üz, ad və mesajla doludur. Amma bütün bu sıxlığın içində milyonlarla insan var ki, axşam telefonu götürüb zəng edəcəyi bir nəfəri belə yoxdur.
Patrul.az xəbər verir ki, amerikalı tədqiqatçı bununla bağlı Con Klifton “Kor nöqtə” adlı araşdırmasında çox ciddi və narahatedici bir fakt ortaya qoyur: Dünyada 300 milyondan çox insanın bir dənə də yaxın dostu yoxdur. Yəni bu insanlar dərdini bölüşə bilmir, sevinci paylaşa bilmir, sadəcə birinin yanında sakitcə otura bilmir. Bu rəqəmlər təxmin deyil, emosional fikir deyil, elmi araşdırmalarla ölçülmüş və təsdiqlənmiş faktlardır. Çoxları bu məlumatı oxuyanda “bu qədər də pis ola bilməz” deyə düşünür. Amma təəssüf ki, vəziyyət məhz belədir.
Tənhalıq çox vaxt yanlış anlaşılır. Bəziləri bunu romantik melanxoliya, tək qalmaq ehtiyacı və ya bir az darıxmaq kimi qəbul edir. Halbuki tənhalıq tamamilə fərqli bir vəziyyətdir. Tənhalıq insanın sinir sisteminin daim gərgin vəziyyətdə qalmasıdır. Bədən heç vaxt “mən təhlükəsizəm” siqnalını ala bilmir.
Psixoloq Julianne Holt-Lunstad və onun komandası tərəfindən aparılan geniş miqyaslı araşdırmalar göstərir ki, xroniki tənhalıq gündə bir qutu siqaret çəkmək qədər zərərlidir. Bu vəziyyət stress hormonunun daim yüksək qalmasına, immun sisteminin zəifləməsinə, ürək-damar xəstəliklərinin artmasına, depressiya və narahatlıq hallarının çoxalmasına, hətta vaxtından əvvəl ölüm riskinin ciddi şəkildə yüksəlməsinə səbəb olur. Başqa sözlə desək, tənhalıq dadı bilinməyən zəhər kimidir – insan onu hiss etmir, amma bədənində dərin izlər buraxır.
Problem insanların pis, soyuq və ya antisosial olmasında deyil. Problem ondadır ki, insanlar əlaqə qurmağı unudublar. Keçmişdə insanlar eyni süfrə arxasında oturur, söhbət edir, dərdlərini bölüşürdülər. Bu gün isə hamı “yaxşıyam” deyir, hamı “məşğulam” deyir, amma əslində çox az adam kiməsə açılır. Halbuki insan yalnız yaşamaq üçün yox, başqaları ilə bağ qurmaq üçün yaradılıb. İnsan ürəyi başqa bir ürəklə təmasda olduqda sakitləşir.
Tənhalıq tale deyil. Amma uzun müddət görməzlikdən gəlinərsə, xroniki hala çevrilir. Bu dövrün ən təhlükəli yanlış düşüncələrindən biri “mən güclü olmalıyam, heç kimə ehtiyacım yoxdur” fikridir. Həqiqət isə tam əksinədir. İnsan mühakimə olunmadan, olduğu kimi qəbul edildiyi zaman sağalmağa başlayır. Bəzən insanın möcüzəyə yox, sadəcə onu dinləyən və anlayan birinə ehtiyacı olur.
Bu problemin həlli mürəkkəb və əlçatmaz deyil. Sadə, amma təsirli addımlarla tənhalığın qarşısını almaq mümkündür. İlk addım tənhalığı qəbul etməkdir. “Hər şey qaydasındadır” deməyi dayandırmaq lazımdır. Tənhalıq zəiflik deyil və uğursuzluq da deyil. Bu, bir ehtiyacdır. Necə ki, susuzluq bədənin su istəməsidir, tənhalıq da ruhun “mənə əlaqə lazımdır” deməsidir. Problem insanın xarakterində və ya bacarığında deyil, problem əlaqələrin olmamasındadır.
İkinci vacib addım düzgün icmaya qoşulmaqdır. Araşdırmalar göstərir ki, mütəmadi olaraq bir icmaya mənsub olan insanlar daha az stress yaşayır, daha güclü olur və tək olmadıqlarını hiss edirlər. Bu icma kitab klubu, könüllü fəaliyyət, sosial layihə və ya maarifləndirici müzakirə qrupu ola bilər. Əsas məsələ odur ki, həmin mühit insanı aşağı çəkməsin, əksinə ona dəyər qatsın. Mövlana bu mövzuda çox sadə və aydın deyib: “Bülbül gülə aparar, qarğa zibilliyə.” İnsan sadəcə tək qalmamaq üçün hər mühitə daxil olmamalıdır.
Üçüncü addım isə real həyat əlaqələridir. Mesajlaşma, sosial şəbəkələr və emojilər münasibət sayılmır. Bədən rəqəmsal ünsiyyətlə sakitləşmir. Ən azı həftədə bir dəfə real görüş, göz təması, eyni masada oturmaq, hətta danışmadan birlikdə olmaq insanın sinir sisteminə “təhlükə keçib” mesajı verir. Təhlükəsiz sükut bəzən ən güclü əlaqə formasıdır.
Dördüncü və bəlkə də ən təsirli yol başqasına kömək etməkdir. Araşdırmalar göstərir ki, müntəzəm olaraq başqalarına kömək edən insanlarda tənhalıq hissi azalır, həyatın mənası daha aydın hiss olunur və depressiv hallar zəifləyir. Faydalı olmaq, kiminsə həyatına toxunduğunu görmək insanın öz varlığı ilə barışmasına kömək edir. Bəzən sağalmaq üçün insanın öz içinə qapanması yox, başqasına doğru bir addım atması kifayətdir.
Nəticə olaraq demək olar ki, tənhalıq müasir dövrün səssiz epidemiyasıdır. Amma bu problem möcüzə ilə deyil, səmimiyyətlə və kiçik addımlarla həll olunur. Bəzən bir qapını döymək, bir icmaya qoşulmaq və ya bir insana “necəsən?” demək kifayətdir. Unutmaq olmaz ki, heç kim tək yaşamaq üçün yaradılmayıb.






