Tərəzi niyə dəyişmir? - Arıqlamağı dayandıran üç yanlış addım
Bəzi insanlar çəki atmaq üçün ac qalır, bəziləri saatlarla idman edir, bəziləri isə müxtəlif “möcüzə” dərmanlara ümid bağlayır. Tərəzi isə inadkar kimi yerində sayır. Hətta bəzən insanı daha da yuxarı rəqəmlə qarşılaşdırır. İnsan düşünür ki, bu qədər əziyyətin qarşılığında nəticə niyə yoxdur? Məsələ çox vaxt iradə zəifliyində deyil. Problem etdiyimiz üç əsas yanlış addımdadır. Bu səhvlər arıqlama prosesini səssizcə sabotaj edir.
Patrul.az arıqlamağınıza mane olan üç yanlış addımı sizə təqdim edir.
1. Özünü ac qoymaq
Çoxları düşünür ki, nə qədər az yesəm, bir o qədər tez arıqlayaram. Amma bədən sənin düşmənin deyil, ağıllı mexanizmdir. Sən onu uzun müddət ac saxlayanda o, “təhlükə rejiminə” keçir. Maddələr mübadiləsi yavaşlayır, enerji sərfiyyatı azalır və bədən aldığı hər kalorini ehtiyat kimi saxlamağa çalışır. Üstəlik, uzunmüddətli aclıq sonradan güclü iştaha partlayışına səbəb olur. Nəticədə həm metabolizma zəifləyir, həm də epizodik çox yeməklər arıqlama prosesini geri atır. Arıqlamaq aclıq deyil, balans deməkdir.
2. Yalnız tərəziyə fokuslanmaq
Bir çox insan hər gün tərəziyə çıxır və rəqəmin dəyişməməsi onu ruhdan salır. Halbuki çəki hər zaman yağ demək deyil. Bədən su saxlayır, əzələ kütləsi artır, hormonal dəyişikliklər olur. Xüsusilə idmana başlayan insanlarda çəki azalmaya bilər, amma bədən forması dəyişir. Əgər sən yalnız rəqəmə baxırsansa, real irəliləyişini görmürsən. Arıqlamaq sadəcə kilo itirmək deyil, yağ faizini azaltmaq və sağlam kompozisiya qurmaqdır.
3. Qısa müddətli, sərt metodlara aludə olmaq.
Detokslar, “3 günə 5 kilo” vədləri,ciddi karbohidrat qadağaları və s. bunlar tez nəticə verir kimi görünə bilər. Amma davamlı deyil. Bədən kəskin məhdudiyyətə reaksiya verir və əvvəlki rejimə qayıdan kimi çəki geri qayıdır. Ən təhlükəlisi isə budur ki, insan hər uğursuz cəhddən sonra özünə inamını itirir və düşünür ki, “məndə alınmır”. Halbuki problem sistemdədir, səndə yox.
Arıqlamaq üçün bədənə vaxt vermək, balanslı qidalanmaq, müntəzəm hərəkət etmək və yuxunu normallaşdırmaq əsasdır. Stressi azaltmaq da az önəmli deyil. Çünki yüksək kortizol səviyyəsi yağ yığılmasını artırır, xüsusilə də qarın nahiyəsində.
Özünü ac qoymaq, saatlarla özünü tükəndirmək və ya təsadüfi dərmanlara ümid etmək əvəzinə, sistemli və davamlı dəyişikliklər etmək lazımdır.
Ləman Sərraf






