Təsadüf nəticəsində çəkilmiş Yerin 59 il əvvəlki İLK TARİXİ FOTOSU
1966-cı ilin 23 avqustunda NASA-nın “Lunar Orbiter 1” adlı kosmik aparatı bəşəriyyət üçün tarixi anı əbədiləşdirib. O, Ay orbitindən Yer kürəsinin ilk fotosunu çəkərək kosmos tədqiqatlarında yeni bir səhifə açıb.
Patrulaz.az xəbər verir ki, aparat əslində Ay səthində gələcək “Surveyor” və “Apollon” missiyaları üçün eniş yerlərini araşdırmaq məqsədilə göndərilmişdi. Lakin gözlənilmədən Yerə də kamera tuşlanıb və nəticədə İstanbuldan Keyptauna qədər dünyanın yarısını göstərən möhtəşəm kadr lentə alınıb.
“Lunar Orbiter 1” xüsusi olaraq Eastman Kodak tərəfindən hazırlanmış təsvir sistemi ilə təchiz olunmuşdu. Maraqlısı budur ki, həmin kamera əvvəlcə ABŞ-nin kəşfiyyat peyki üçün nəzərdə tutulmuşdu, lakin bu sirr yalnız Soyuq Müharibədən sonra açıqlanıb.
Kosmik aparat, həmçinin missiya müddətində ümumilikdə Ayın da 205 fotosunu çəkib. Daha sonra isə planlı şəkildə 1966-cı ilin 29 oktyabrında Ay səthinə çırpılıb.
Tarixi Yer fotosunun orijinal yüksək keyfiyyətli versiyası isə yalnız 2008-ci ildə bərpa edilərək ictimaiyyətə təqdim olunub. Bu foto indi də elm tarixinin ən möhtəşəm və simvolik görüntülərindən biri hesab olunur.

Bu foto tarixdə xüsusi əhəmiyyət daşıyır. Şəkildə ön planda Ayın səthi, arxa planda isə Yer kürəsi görünür. Aşağı hissədəki relyef və qabarıqlıqlar Ayın kraterləri və səth quruluşlarıdır. Üst hissədə yarım kürə kimi parlayan obyekt isə Yer kürəsidir.





