Sümük əriməsi nədir ? – HƏKİM
“Xalq arasında sümük əriməsi olaraq tanınan xəstəlik osteoporoz adlanır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında fizioterapevt Şəhla Qafarova deyib.
O bildirib ki, osteoporoz düşük sümük kütləsi ilə qırılma riskinin artması ilə gedən osteometobolik xəstəlikdir. Sümüklərin zamanla zəifləməsi,yaş artdıqca incəlməsi ilə bir müddət sonra kövrəkləşib, əyilməsi, sınıqlar yaranmasıdır. Osteoporoz lokalizasiya olaraq bel sümüklərində, bud-çanaq oynaqlarında və əl biləyində daha çox fəsad verir. Osteoporozun səbəbi aşağıdakılar hesab edilir.
-Yaşlanma
-Hərəkətin azalması
-Siqaret istifadəsi
-Günəş işığı çatışmazlığı
-Kəskin dieta
-Uzun müddətli hormonal müalicə
-Uzun müddətli yuxu dərmanlarının istifadəsi.
Osteoporozun müalicəsi medikamentoz və fizioterapevtik hesab olunur.
Eyni zamanda həyat tərzinin yaxşılaşdırılması da osteoporozun inkişafını ləngidir.
Buraya gündəlik aktiv həyat tərzi, əzələlərə müəyyən qədər yük vermək, yetərli qədər günəş işığı qəbul etmək, siqaret və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq, ən az həftədə 3 dəfə sərt addımlarla 30-45 dəqiqə yürüyüş daxildir.
Fizioterapevtik müalicəyə isə fizioterapevtik metodlarla müalicə, sümük sintezinə proqressiv təsir edən cərəyanların tətbiqi, alçaq frekanslı maqnit, lazer və s. ilə müalicə eyni zamanda müalicəvi idman və suda idmanın təyin edilməsi nəzərdə tutulur.
Lakin çox vaxt əhali bu xəstəlikdə fizioterapiyanın köməyinə müraciət etmirlər. Bunun üçün KİV-də maarifləndirici mövzularda seminarlar söhbətlər aparılmalı və yaşlılıqda sosial həyatın yaxşılaşması üçün tədbirlər görülməlidir”.