Torpaq sürüşməsi nəticəsində 1 nəfər həlak olub
İndoneziyanın Qərbi Papua əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində bir nəfər həlak olub, 19 nəfər isə itkin düşüb.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, indoneziyalı rəsmilər Qərbi Papua əyalətində cümə günü yağan güclü yağışların torpaq sürüşməsinə səbəb olduğunu bildiriblər. İndoneziya Təbii Fəlakətlərin Azaldılması Agentliyinin (BNPB) sözçüsü Əbdul Muharinin bu gün verdiyi açıqlamaya görə, baş verən torpaq sürüşməsi Arfak dağlarında yerli əhali tərəfindən idarə olunan kiçik miqyaslı qızıl mədənində çalışan işçilərin istifadə etdiyi müvəqqəti sığınacaqları vurub.
Muhari, hadisə nəticəsində 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını və 19 nəfərin itkin düşdüyünü bildirib. Axtarış-xilasetmə işlərinə qatılmaq üçün polis və ordu heyətindən ibarət azı 40 nəfərlik xilasetmə qrupu bölgəyə göndərilib.
Yerli xilasetmə qrupunun rəhbəri Yefri Sabaruddin isə bildirib ki, xilasetmə qruplarının hadisə yerinə çatması azı 12 saat çəkib və bu səbəbdən axtarış işlərinə yalnız bazar günü başlanılıb. Sabaruddin, “Yolların bərbad vəziyyətdə olması, dağlıq relyef və pis hava şəraiti xilasetmə işlərini çətinləşdirib,” – deyə əlavə edib.
Ləman Sərraf






