“Trampın gərginliyi azaltmaq üçün atdığı addımlar qəbulolunandır”- ŞƏRH OLUNDU
“Donald Tramp sistemdaxili siyasət olmadığından son dərəcə qeyri-adi və ABŞ siyasi ənənəsinə xas olmayan gedişlərdən istifadə edir və köhnə standartları sözün əsl mənasında sındırır. Amerika siyasətində Şərqdə olan ölkələrə qarşı düşmən münasibət var. Amma Tramp göstərir ki, ABŞ-ın düşmən hesab etdiyi ölkələrlə belə əlaqələri yenidən qurmaq, yeni reallıqlar formalaşdırmaq mümkündür”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Tramp köhnə adminstrasiyasının bütün qərarlarını ləğv edərək, yeni çağırışlar edir: “Tramp qeyri-adi addımlarla çalışır ki, dünya siyasətində yeni tendensiyalar formalaşdırsın. Lakin onun atdığı addımların nə dərəcədə effektiv olacağı sual doğurur. Çünki prezidentlik müddəti dörd ildir və bu müddət ərzində görüləcək işlər əhəmiyyəti ilə seçiləcəkdir.
Trampın ən çox ehtiyyat etdiyi məsələ Çin ilə bağlıdır. Bu fonda artıq iqtisadi məsələlər gündəmə gələcək. Eyni zamanda düşünürəm ki, Tramp daha çox diqqətini hazırda Rusiya və Hindistana yönləndirib. Belə ki, Tramp Hindistandan başlayan və Amerika sahillərinə qədər uzanan dəhliz formalaşdırmaq niyyətindədir.
Donald Tramp Avropanı sıxışdırır, NATO demək olar ki, öz mahiyyətini itirmək üzrədir. Tramp digər ölkələrə göstərir ki, güclü olmaq üçün öz ciblərindən xərcləməlidirlər.
Bütün hallarda Trampın dünyada müxtəlif istiqamətlərdə gərginliyi azaltmaq üçün atdığı addımlar hər kəs üçün qəbulolunandır”.