“Turan Arıçılıq Təsərrüfatı”na zəhərli hücum - minlərlə arı məhv edildi - VİDEO
İyunun 20-də Zərdab rayonunun Türyançay ərazisində yerləşən “Turan Arıçılıq Təsərrüfat”ı hücuma məruz qalıb.
Patrulaz.az-a daxil olan şikayətə görə, gecə saatlarında naməlum şəxslər təsərrüfatda mövcud olan arı qutularına zəhərli maddə səpərək, 50-yə yaxın arı ailəsinin tələf olmasına səbəb olub.
Patrulaz.az-a açıqlama verən, uzun illərdir arıçılıqla məşğul olan təsərrüfatın sahibi Vəli Cavadlının sözlərinə görə, hadisə təsadüfi deyil, məqsədli şəkildə planlaşdırılıb.
“Təsərrüfatı dağlıq ərazilərə köçürməyi planlaşdırırdıq. Gecə gəlib zəhər atıblar. Səhər açılan kimi gördük ki, arıların əksəriyyəti tələf olub. Bu, adi hadisə deyil. Bu, düşmənçilikdir. Kimsə bizim illərlə çəkdiyimiz zəhməti heçə endirmək istəyib”, – deyə təsərrütın sahibi Vəli Cavadlı bildirib.
Hadisə yerindən əldə edilən kadrlarda qutuların içində və ətrafda yığılıb qalmış ölü arılar bu hücumun nəticələrinin nə qədər ağır olduğunu göstərir.
Onu da vurğulayaq ki, təbii və saf istehsalı ilə tanınan “Turan Arıçılıq Təsərrüfatı” bu hücüm nəticəsində həm maddi, həm də mənəvi zərərə uğrayıb.
İlkin hesablamalara görə, təsərrüfata təxminən 10 min manatlıq maddi zərər dəyib. Lakin başlıca narahatlıq bu cür hücumların yalnız bir təsərrüfatla məhdudlaşmaması, ətraf kəndlərin bioqida zəncirinə, tozlanma prosesinə və ümumilikdə kənd təsərrüfatı ekosistemlərinə də zərər vurmasıdır.
“Bu, təkcə bizim təsərrüfata deyil, ətrafdakı təbiətə, əkinçiliyə, məhsuldarlığa da təsir edir. Arılar sadəcə bal istehsal etmir, həm də bitkilərin tozlanmasında həyati rol oynayır”, – deyə Vəli Cavadlı əlavə edib.
Qeyd edək ki, baş verən xoşagəlməz hadisəyə baxmayaraq, “Turan Arıçılıq Təsərrüfatı”nın rəhbəri yenə də əzmlə çalışacaqlarını və sosial təşəbbüslərə, xeyriyyəçilik ənənələrinə sadiq qalacaqlarını vurğulayıb.
Gülbəniz Səfərova






