Türkoba sakinləri qazsız qalıb - Qəza xidmətindən cavab: “Özünüz həll edin” - VİDEO
Masallı rayonu, Türkoba kəndinin Veloba məhəlləsində yaşayan sakinlər uzun müddətdir qazsız qalıblar. Problem isə bir nəfərin şəxsi təşəbbüsü ilə çəkdirdiyi qaz xəttinin zədələnməsi və rəsmi qurumların bu məsələyə biganə yanaşmasından qaynaqlanır.
Patrulaz.az-a daxil olan məlumata görə, kənd sakini öz hesabına Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı xidmət sahəsinin əməkdaşlarının nəzarəti altında qaz xətti çəkdirib və bütün müvafiq ödənişləri edərək qaz sayğacı ilə təmin olunub. Lakin bir müddət sonra iri qabaritli, ot yüklü yük maşını qaz borularını zədələyərək istifadəyə yararsız hala salıb.
Məsələ ilə bağlı dəfələrlə Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı xidmət sahəsinə edilən müraciətlərə baxmayaraq, problem hələ də öz həllini tapmayıb. Sakinlərin son ümid yeri isə “Azəriqaz” İstehsalat Birliyi olub. Lakin oradan da bildirilib ki, məsələni məhz yerli idarə – Masallı xidmət sahəsi həll etməlidir.
Ən təəccüblüsü isə odur ki, idarənin qəza xidmətinin rəhbəri Saleh bəy sakinlərə problemin onların şəxsi hesabına həll edilməli olduğunu bildirib. Onun sözlərinə görə, idarənin nə texnikası, nə də artıq işçi qüvvəsi var.
Sakinlər haqlı olaraq sual edirlər:
Əgər yaranmış qəzaları yenə də vətəndaşlar öz büdcələri ilə aradan qaldıracaqsa, qəza xidməti nə üçündür?
İxtiyar Seyfullayevin rəhbərlik etdiyi Masallı xidmət sahəsi bu cür hallara nə üçün reaksiya vermir?
Hazırda kənd sakinləri qazsız, çıxılmaz vəziyyətdə qalıb. Onlar aidiyyəti qurumlardan məsələ ilə maraqlanmağı və qaz xəttinin bərpası üçün zəruri addımların atılmasını xahiş edirlər.






