Unutqanlığa son? - Bu sadə üsul yaddaşı 75 faizə qədər gücləndirə bilər
Yaddaşın necə işlədiyi ilə bağlı aparılan yeni elmi tədqiqat diqqət çəkən nəticələr ortaya qoyub. İngiltərədə yerləşən Surrey Universitetinin alimləri müəyyən ediblər ki, gözləri yummaq insanın hadisələri və məlumatları daha dəqiq xatırlamasına kömək edə bilər. Araşdırma göstərir ki, bu sadə üsul xatırlama göstəricisini 41 %-dən 75 %-ə qədər artırmağa qadirdir.
Patrul.az xəbər verir ki, tədqiqat çərçivəsində 178 nəfərin iştirakı ilə eksperiment aparılıb. İştirakçılara səhnələşdirilmiş cinayət hadisəsini əks etdirən qısa film nümayiş etdirilib. Daha sonra onlara gördükləri barədə suallar verilib. Sorğu zamanı iştirakçıların bir qismi gözləri açıq, digər qismi isə gözləri yumulu halda cavab verib.
Nəticələr göstərib ki, gözlərini yumaraq suallara cavab verən və sorğu aparan şəxslə daha rahat ünsiyyət quran iştirakçılar sualların təxminən 75 %-ə düzgün cavab veriblər. Gözlərini açıq saxlayan və diqqəti daha çox yayındırılan iştirakçıların düzgün cavab nisbəti isə 41 % olub.
Alimlərin fikrincə, gözləri yummaq ətraf mühitdəki vizual yayındırıcı amilləri azaldır və beynin diqqətini daxili xatirələrə yönəldir. Bu isə hadisələrin detallı şəkildə xatırlanmasını asanlaşdırır.
Tədqiqatçılar bildirirlər ki, bu üsul yalnız cinayət araşdırmalarında deyil, gündəlik həyatda da faydalı ola bilər. Məsələn, dərsdə öyrənilən məlumatları xatırlayarkən və ya vacib detalları yada salmağa çalışarkən qısa müddətə gözləri yummaq yaddaşın daha effektiv işləməsinə kömək edə bilər.
Mütəxəssislər qeyd edirlər ki, yaddaşın güclənməsi təkcə bioloji mexanizmlərlə deyil, həm də diqqət mühiti ilə bağlıdır. Vizual stimulların azalması beynin məlumatları “daxili arxivdən” daha asan tapmasına şərait yaradır.
Bu üsuldan istifadə edərkən üç məqama diqqət yetirmək faydalıdır: gözləri yumaraq diqqəti yayındıran vizual amilləri azaltmaq, özünü rahat hiss edilən mühit yaratmaq və xatırlanan hadisəni mümkün qədər detallı şəkildə – səs, qoxu və hisslərlə birlikdə təsəvvür etmək. Bu yanaşma məlumatların daha dəqiq və sürətli xatırlanmasına kömək edə bilər.






