"Uşaq sözlə deyə bilmədiyini zorakılıqla göstərir" - Məktəblərdəki narahatedici REALLIQ
Son vaxtlar ölkələrin təhsil müəssisələrində azyaşlı uşaqlar arasında zorakı halların artdığı müşahidə olunur. Aprel ayında Türkiyədə 8-ci sinif şagirdi silahlı hücum edərək 9 nəfəri qətlə yetirib. Bu hadisənin ardınca ölkəmizdə də bir şagirdin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması ictimaiyyət arasında ciddi narahatlıq yaradıb.
Müasir dövrdə azyaşlıların bir-birinə qarşı aqressiv davranışlar sərgiləməsi, hətta qarşı tərəfə zərər verməyə cəhd etməsi hansı psixoloji səbəblərlə bağlıdır və bu kimi halların qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
Bu barədə psixoloq Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, belə davranışlar uşağın daxili emosional gərginliyi, travma və düzgün yönləndirilməyən aqressiyanın təhlükəli ifadəsidir:
“Bu cür hadisə sadəcə aqressiya deyil, uşağın daxili dünyasında ciddi gərginliyin və nəzarətsiz emosiyaların göstəricisidir. Uşaq çox zaman sözlə ifadə edə bilmədiyini davranışla göstərir və bu davranış artıq təhlükəli mərhələyə keçmiş olur.
Belə halların arxasında ən çox rast gəlinən səbəblərdən biri yönləndirilməmiş aqressiyadır. Uşaq qəzəbi ilə nə edəcəyini bilmədikdə, onu dağıdıcı formada ortaya qoyur. Digər mühüm səbəb isə travma və zorakılıq təcrübəsidir – evdə və ya ətraf mühitdə şiddət görən uşaq bunu davranış modeli kimi qəbul edə bilir. Empatiya çatışmazlığı da rol oynayır; bəzi uşaqlar qarşı tərəfin ağrısını hiss etməkdə çətinlik çəkir. Bundan əlavə, diqqət və qəbul olunmaq ehtiyacı, uzun müddətli təzyiq və ya bullying də belə “partlayış” nöqtəsinə gətirib çıxara bilər”.

Psixoloq qeyd edir ki, uşaqlarda belə halların qarşısını almaq üçün erkən siqnallar vaxtında aşkarlanmalı, ailə və məktəbdə psixoloji dəstək gücləndirilməlidir:
“Bu kimi halların qarşısını almaq üçün ilk növbədə erkən siqnallar diqqətdən qaçırılmamalıdır. Uşağa hisslərini tanımaq və ifadə etmək öyrədilməlidir. Ailədə təhlükəsiz və anlayışlı mühit formalaşdırmaq əsas şərtdir. Məktəblərdə psixoloji nəzarət və profilaktik işlər gücləndirilməli, zorakılığa qarşı ciddi yanaşma göstərilməlidir. Ən vacibi isə belə davranış göstərən uşağa cəza yox, peşəkar psixoloji dəstək verilməlidir.
Son olaraq, uşaq səbəbsiz qəddar olmur. Görülməyən və eşidilməyən hər problem, bir gün təhlükəli davranış kimi ortaya çıxır”.
Cəmilə Cəfərzadə






