media-inshot_20250918_222403602

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yağışın yağması ilə yolların keyfiyyətsizliyi vətəndaşların hərəkətini çətinləşdirib.

Patrulaz.az-a daxil olan məlumata görə, 128 nömrəli məktəbə gedən yolun gölə çevrilməsi nəticəsində şagirdlər dərsə gedə bilmir, valideynlər övladlarını məktəbə aparmaqda aciz qalır, sürücülər isə palçıqlı yollarda hərəkət edə bilmirlər.

Uşaqların ən işlək küçədə ayaqqabılarını palçıqdan çıxara bilmədiyi bir vəziyyətdə təhsildən danışmaq nə qədər düzgündür?

Maştağa sakinlərindən biri vəziyyətin acınacaqlı olmasından, məktəbə gedən yolun gölə çevrilməsindən şikayətlənir:

“Bircə gün yağış yağdı, küçə gölə çevrildi. Uşaqlar məktəbə necə getsin? Yol yoxdur, keçid yoxdur, hər tərəf bərbad vəziyyətdədir”, – deyə vətəndaş etirazını bildirir.

Əslində bu mənzərə Bakının mərkəzindən uzaq ərazilərdə yaşayan insanların illərdir görməyə məhkum edildiyi reallığın acı göstəricisidir. Hər yağışdan sonra küçələrin gölə çevrilməsi, insanların həyatının çətinləşməsi artıq adi hal alıb. Problemlər isə sözlə deyil, real tədbirlərlə həll olunmalıdır.

Qeyd edək ki, Patrulaz.az məsələni izləyir və problem üzrə də Sabunçu Rayon İcra Hakimiyyətinə məlumat veriləcək. Görüləcək tədbirlər isə ictimaiyyətə çatdırılacaqdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər