Uşaqlarda onurğa sağlamlığı: Valideynlərin diqqət etməli olduğu məsələlər
“Uşaqlıq dövrü, onurğanın ən sürətli və həssas inkişaf etdiyi mərhələlərdən biridir. Bu dövrdə formalaşan duruş vərdişləri və həyat tərzi, uşaqların gələcəkdəki onurğa sağlamlığına birbaşa təsir göstərə bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında uzman fizioterapevt Əziz Dəvrişov deyib.
O bildirib ki, valideynlər övladlarının duruşunu, fiziki aktivliyini və daşıdığı yükləri yaxından izləyərək mümkün onurğa problemlərinin qarşısını ala bilərlər”.
Ə.Dərvişov aşağıda qeyd olunan məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edir:
1.Doğru duruş vərdişi
Uşaqlar adətən masa arxasında uzun müddət vaxt keçirirlər. Bu səbəblə düzgün oturmaq çox vacibdir. Dik oturmaq, onurğanın təbii əyriliklərinin qorunmasına kömək edir. Masa və stulun uşağın boyuna uyğun olması da bu baxımdan önəmlidir.
2.Çanta istifadəsi
Ağır bel çantaları və yanlış daşıma formaları uşaqlarda skolioz və duruş pozğunluqlarına səbəb ola bilər. Çanta iki çiyinlə bərabər şəkildə daşınmalı və ağırlığı uşağın çəkisinin 10%-ni keçməməli, bel səviyyəsində bitməlidir.
3.Fiziki aktivlik və idman
Müntəzəm fiziki aktivlik, əzələləri gücləndirərək onurğanı dəstəkləyir. Üzgüçülük, yoga və pilates kimi idman növləri uşaqlarda duruşun düzəldilməsində çox təsirli ola bilər. Uzun müddət hərəkətsiz qalmaq isə onurğa sağlamlığına zərər verə bilər.
4.Ekran vaxtı və texnologiya istifadəsi
Telefon, planşet və kompyuterdən istifadə zamanı başın önə əyilməsi “texnologiya boynu” deyilən problemlərə yol aça bilər. Ekranlar göz səviyyəsində olmalı və istifadə müddəti məhdudlaşdırılmalıdır.
5.Ayaqqabı və döşək seçimi
Ayaqları yaxşı dəstəkləyən, ortopedik xüsusiyyətli ayaqqabılar seçilməlidir. Döşək isə nə çox yumşaq, nə də çox bərk olmamalı; onurğanı təbii vəziyyətində dəstəkləməlidir.
6.Müntəzəm müayinələr
Onurğa əyrilikləri (məsələn, skolioz) erkən aşkar edilərsə, müalicə prosesi daha təsirli olur. Bu səbəbdən xüsusilə böyümə dövründə uşaqların mütəmadi olaraq ortopedik müayinələrdən keçməsi vacibdir”.