media-img-20250918-wa0073

“18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur və hər il olduğu kimi Azərbaycan Milli Konservatoriyasında səhər saatlarında Xalq Çalğı Alətləri Orkestrinin konserti təşkil edilir. Milli Musiqi Günü həm də dahi bəstəkar, musiqişünas alim, Şərqdə ilk operanın yaradıcısı, publisist, ictimai xadim, pedaqoq, demək olarki Azərbaycan musiqisinin və klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun doğum gününə təsadüf edir”.

Bu sözləri 18 sentyabr tarixində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğulduğu günün Milli Musiqi Günü kimi qeyd olunması ilə bağlı duyğularını Patrulaz.az-a bölüşən Milli konservatoriyanın mətbuat katibi, yazıçı Aysel Fikrət deyib.

Yazıçı bu gün keçirilən, mədəniyyətimizin yenidən dirçəlişinə həsr olunan tədbirlərin özəlliyini səmimi duyğularla təsvir edib:

“İlk olaraq, bütün konsert və tədbirlərdən əvvəl qeyd etməliyəm ki, Mədəniyyət Nazirliyinin və Heydər Əliyev Fondunun bu il Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə keçirdiyi tədbirlər silsiləsi var. Həmin tədbirlərin çoxu məhz 18 sentyabr – Milli Musiqi Günündə reallaşdırılır. Bu gün bölgələrdəki incəsənət ocaqlarında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Musiqi Akademiyasında, Milli Konservatoriyada, musiqi yönümlü təhsil müəssisələrində və incəsənət məktəblərində bugün qeyd olunur”.

Yazıçı konsertin gedişatında səslənən əsərləri, çıxış edən mədəniyyət və incəsənət sahəsi üzrə tanınmış şəxslərin adlarını vurğulayıb:

“Ənənəyə uyğun olaraq, tədbirlərdən əvvəl Azərbaycanın mədəniyyət naziri Adil Kərimli başda olmaqla, ölkənin mədəniyyət və incəsənət sahəsində tanınmış şəxsləri Üzeyir Hacıbəyovun Fəxri Xiyabandakı məzarını ziyarət edirlər. Daha sonra onlar təhsil müəssisələrinə üz tuturlar. İlk olaraq Azərbaycan Milli Konservatoriyasına gələn mədəniyyət nazirliyinin nümayəndə heyəti başda Adil Kərimli olmaqla mədəniyyət naziri müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Milli Konservatoriyanın rektoru, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, elm və innovasiya məsələləri üzrə prorektor Lalə Hüseynova, tədris məsələləri üzrə prorektor Nizami Əsədov, həmçinin konservatoriyanın professor-müəllim heyəti iştirak ediblər.

Tədbir açıq havada keçirilərək Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri Orkestrinin konserti ilə davam edib. Konsertdən əvvəl rektor və mədəniyyət naziri çıxış edərək Üzeyir Hacıbəylinin bu silsilə mədəniyyət tədbirləri barədəməlumat verdilər. Qeyd olunub ki, sentyabrın 25–26-da Azərbaycan Milli Konservatoriyasında bununla əlaqədar böyük bir simpozium təşkil ediləcək. Bundan sonra konsert keçirildi. Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Calğı Alətlər Orkestrının Üzeyir Hacibəyovun əsərlərindən ibarət konsert programı təşkil olundu. Konserti bədii rəhbəri və dirijorluq kafedrasının müdürü sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova, dirijorlar isə Arif Mehərrəmov və Aysel Bağırova idi.

Konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operası, “Sevgili canan”, Müslüm Maqomayevin “Radio marşı” və Üzeyir Hacibəyovun Koroğlu operasindan “Cəngi”əsərləri ilə davam edib”.

Həmçinin A.Fikrət Azərbaycan Milli Konservatoriyasında silsilə tədbirlərin davam etdiyi və gələcək tədbirlər haqqında da məlumat verib:

“Konsertin sonunda mədəniyyət naziri Adil Kərimli və Milli Konservatoriyanın rektoru tələbələrə yaxınlaşaraq minnətdarlıqlarını bildirib və çıxışları yüksək qiymətləndiriblər.

Azərbaycan Milli Konservatoriyasında silsilə tədbirlər davam edir. Ən mühüm tədbirlərdən biri də 25–26 sentyabrda Azərbaycan Milli Konservatoriyasında keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi simpozium olacaq. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türk Mədəniyyəti İrsi Fondu, Azərbaycan Milli Konservatoriya və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq simpozium “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəniyyət kodları” mövzusuna həsr olunacaq. Simpozium çərçivəsində həm də dirijorluq kafedrasının konserti keçiriləcək. Tədbirin əsas məqsədi Aşıq Ələsgər irsi və Üzeyir Hacıbəyli yaradıcılığı, eləcə də türk xalqlarının bədii-mədəni irsi istiqamətində aparılan elmi araşdırmaların nəticələrini ümumiləşdirmək və bu sahədə beynəlxalq elmi informasiya mübadiləsini təşviq etməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər