Xəstəxanada 58 naməlum cəsəd tapıldı
Liviyada ötən həftə lideri öldürülən “Sabitliyin Dəstəklənməsi Birliyi”nin nəzarətində olan ərazidə yerləşən xəstəxanada kimliyi naməlum cəsədlər aşkarlanıb.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Liviya Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada, Əbu Salim Xəstəxanasının morq dondurucusunda ən azı 58 meyitin tapıldığı bildirilib.
Nazirliyin açıqlamasında cəsədlərin bəzilərinin sedyaların üzərində yanmış vəziyyətdə, bəzilərinin isə artıq çürüməyə başlamış halda olduğu qeyd edilib. Meyitlərin şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdiyi bildirilib. Məlumata görə, indiyədək 23 cəsəd üzərində ilkin araşdırma aparılıb və tapılan bu cəsədlərin son dövrdə aşkarlanan ikinci kimliyi naməlum cəsəd qrupu olduğu vurğulanıb. Həmçinin qeyd olunub ki, silahlı milis qruplaşması bu cəsədlərlə bağlı heç bir məlumatı rəsmi qurumlara bildirməyib.
Xatırladaq ki, Liviyada ötən cümə günü də “Sabitliyin Dəstəklənməsi Birliyi”nin nəzarətində olan Əl-Qadra Xəstəxanasının morqunda 9 kimliyi naməlum meyit aşkarlanmışdı.
Ləman Sərraf






