Yekaterinburqda xüsusi əməliyyat zamanı öldürülən azərbaycanlılarla bağlı YENİ TƏFƏRRÜATLAR
Rusiyanın Yekaterinburq şəhərində keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlıların öldürülməsi ilə bağlı təfərrüatlar üzə çıxıb.
Patrulaz.az xəbər verir ki, iyunun 26-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB), OMON və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı azərbaycanlı Səfərovlar ailəsinin bir neçə üzvü saxlanılıb, üç nəfər isə güc tətbiq olunaraq qətlə yetirilib.
Hadisə zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.
Məsələ ilə bağlı “Oxu.Az”a danışan mərhumların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli deyib ki, ailəsinə qarşı xüsusi qəddarlıq nümayiş etdirilib:
“Evə basqın edənlər hər iki qardaşımı amansız işgəncə ilə öldürüblər. Ailə üzvlərini döyüb, bədənlərinə elektrik cərəyanı veriblər. Hətta qohumlarımın çoxu həbs olunub, onların aqibəti bəlli deyil. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Cənazələri isə hələlik bizə vermirlər. Hazırda cənazələrin təhvil verilməsi və Bakıya gətirilməsi üçün danışıqlar aparılır”.
Seyfəddin Hüseynlinin sözlərinə görə, əməliyyat 25 il əvvəl baş vermiş və detalları bəlli olmayan cinayət işi ilə əlaqələndirilir.
Hadisə ilə bağlı Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və DİN Baş İdarəsi birgə bəyanat yayıb. Rəsmilər bildiriblər ki, əməliyyat Yekaterinburq şəhərində əvvəlki illərdə baş vermiş bir sıra cinayətlərin istintaqı çərçivəsində həyata keçirilib:
“İstintaq Komitəsinin əməkdaşları və DİN-in Baş İdarəsi, Rusiya Qvardiyasının xüsusi təyinatlı çevik reaksiya bölməsi ilə birlikdə kompleks tədbirlər həyata keçiriblər. Bu tədbirlər nəticəsində bir neçə şəxs saxlanılıb, onların yaşadıqları ünvanlarda axtarışlar aparılıb”.
Qurum əlavə edib ki, istintaq davam edir və saxlanılan şəxslərin digər cinayətlərdə iştirakı araşdırılır. Lakin istintaqın məxfiliyi ilə əlaqədar daha ətraflı məlumat verilmir.
Qeyd edək ki, əməliyyat zamanı ümumilikdə 50-yə yaxın azərbaycanlı saxlanılıb. Hüseyn Səfərov Azərbaycan, qardaşı Ziyəddin Səfərov isə Rusiya vətəndaşı olub. Hadisənin ictimaiyyətdə geniş rezonans doğurması səbəbindən, həm Rusiya hüquq-mühafizə orqanları, həm də Azərbaycan rəsmiləri prosesi nəzarətdə saxladıqlarını bildiriblər.
Hazırda qətlə yetirilən şəxslərin cənazələrinin Bakıya nə vaxt gətiriləcəyi məlum deyil.
Öldürülən Ziyəddin və Hüseyn Səfərovun fotolarını təqdim edirik