"Yeniyetmələr özlərini “Əşrəf” kimi obrazlara bənzədərək kriminal şəxsiyyət tipi formalaşdırırlar" - ŞƏRH
Son illərdə dünyada yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayında artım müşahidə olunur. Buna Türkiyədə məktəblərdə ard-arda baş verən faciəvi hadisələr də nümunədir.
Məlum olduğu kimi, aprelin 15-də Kahramanmaraşda 14 yaşlı 8-ci sinif şagirdi məktəbdə törətdiyi silahlı hadisə ilə 10 nəfərin həyatına son qoydu. Onun güllələdiyi şəxslər isə azyaşlılar olub. Bu faciələrdən sonra bəzi zorakılıq səhnələri olan türk seriallarında bu məzmunların azaldılacağı bildirilib.
Bəs uşaqların psixologiyasını zorakılığa yönəldən başqa hansı amillər mövcuddur?
Bu barədə Patrul.az-a psixoloq Aytən Ələkbərova fikirlərini bölüşüb.
O bildirib ki, müasir dövrdə təqdim olunan zorakı məzmunlar yeniyetmələrə ciddi təsir göstərir:
“Son dövrlər “Kurtlar Vadisi”ndən tutmuş, hazırda ekranlarda olan “Əşraf Rüya” filminə qədər bir çox layihə uşaqların psixologiyasına təsir edir. Valideynlərin bizə gətirdiyi bir çox yeniyetmələr üzərində apardığım müşahidələr zamanı görürəm ki, onların statuslarında və “TikTok” səhifələrində paylaşdıqları məzmunlarda özlərini “Əşrəf” obrazına bənzətməyə çalışırlar. Bu isə onların daxilində kriminal şəxsiyyət tipinin formalaşmasına səbəb olur.
Yeniyetməlik dövründə hormonal balansın dəyişməsi ilə yanaşı, bioloji, sosioloji və psixoloji təsirlər də özünü göstərir. Etnopsixologiyaya əsasən, əvvəllər bəzi kişilər “kişiliklərini” sübut etmək üçün məktəblərin kənarında, küçələrin başında dayanaraq barmaqları arasındakı siqareti göstərməklə “mən böyümüşəm, mən kişiyəm” deməyə çalışırdılar. Bu gün isə bəziləri davranışlarında aqressiya nümayiş etdirməklə və ya kiməsə fiziki təzyiq göstərməklə özlərini ifadə edirlər”.
Psixoloq vurğulayıb ki, valideynlər övladlarının sosial çevrəsinə xüsusi diqqət yetirməlidirlər:
“Müəyyən məqamlar var ki, valideynlər uşaqlarının kiminlə yazışdığını, əhatəsində kimlərin olduğunu mütləq bilməlidirlər. Hətta bəzi yeniyetmə oğlanların valideynləri mənə deyirlər: “Aytən xanım, sanki məni vuracaqmış kimi üstümə qışqırır”. Bu yaxınlarda isə bir yeniyetmə uşaq anasına zibil atmağı qadağan etmişdi. Səbəb kimi onun ev geyimində çölə çıxmasını göstərmişdi. Göründüyü kimi, yeniyetmələr bəzi məsələlərdə həddindən artıq ifrata varırlar”.

A. Ələkbərova valideynlərə övladları ilə münasibətdə düzgün yanaşmanın vacibliyini də qeyd edib:
“Yeniyetmələri zorakı hallardan uzaq tutmaq üçün onların fərdi psixoloji xüsusiyyətlərinə uyğun davranış tərzləri mövcuddur. Ümumilikdə valideynlərə daim bir prinsip tövsiyə edirik: övladlarınızla müəyyən sərhəd çərçivəsində yaxın olun. Övladınızın qarşısında yox, yanında olun. Çünki qarşısında durduqda onun aqressiyası sizə qarşı daha da arta bilər. Valideynlə övlad arasındakı münasibətlərdə balans pozulduqda, yeniyetmə yanlış davranışlara meyil göstərə bilər. Lakin övladınızın həm səhvində, həm də düzgünündə yanında olub ona doğru yolu göstərsəniz, bu kimi halların qarşısını almaq mümkündür”.
Psixoloq valideynlərə daha bir mühüm xəbərdarlıq edib:
“Valideynlərə daha bir tövsiyəm odur ki, uşaqlarına vuraraq, qışqıraraq, təzyiq göstərərək nəyisə başa salmağa çalışmasınlar. Çünki uşaq üçün ən böyük nümunə valideynlərin ona münasibəti və ailədə baş verənlərdir. Övlad döyüldükcə, təhqir olunduqca cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir və yararsız fərd halına gələ bilər. Bu halda valideyn sanki uşağı dəyərsizləşdirir. Nəticədə yeniyetmə zərərli vərdişlərə meyil edir və ya erkən yaşdan çətin tərbiyə olunan uşaqlar sırasına düşür. Çünki zorakılıq görən uşaq da problemi zor tətbiq edərək həll etməyə çalışır”.
Gülbəniz Səfərova






