Yeni ilin bəzəyi olan yolka qurmaq ənənəsi nə vaxtdan başlayıb? - ARAŞDIRMA
Ağ örpəyə bürünmüş qarlı hava, Şaxta baba, Qar qızı və rəngbərəng işıqlarla bəzədilmiş yolka Yeni ilin ən sevilən simvollarıdır. Bu bayram təqvimdə yeni bir ilin başlanğıcı ilə yanaşı, əsrlər boyu formalaşmış adət-ənənələrin, inancların və mədəni davranışların vəhdətidir. Yeni ilin ən diqqətçəkən rəmzlərindən biri isə şübhəsiz ki, evlərimizi bəzəyən yolkadır. Məhz yolkanın qurulması ilə insanlar Yeni ilin gəlişini hiss edir və bayram əhval-ruhiyyəsinə köklənirlər.
Bəs maraqlıdır, yolka nə vaxtdan Yeni ilin əsas simvoluna çevrilib və bu ənənə necə yaranıb?
Patrul.az-ın xüsusi araşdırmasına görə, müasir mənada Yeni il yolkası kimi tanınan “Milad ağacı” ənənəsi XVI əsrdə Almaniyada formalaşıb. Lakin bu adətin kökləri daha qədim dövrlərə, Orta əsr Avropasında mövcud olan inanclara gedib çıxır. Qədim Avropa xalqları – romalılar, keltlər və vikinqlər həmişəyaşıl ağacları qışın ən sərt dövründə belə yaşıl qaldığı üçün həyatın, dirçəlişin və ümidin rəmzi sayırdılar. Məhz bu səbəbdən iynəyarpaqlı ağaclar qış bayramlarında xüsusi məna daşıyırdı.
Tarixi mənbələrə görə, ilk yazılı məlumatlar 1441-ci ildə Tallində, 1510-cu ildə isə Latviyanın paytaxtı Riqada qurulan bəzədilmiş ağaclara aiddir. Bu fakt Riqanın mərkəzi meydanında yerləşən və üzərində “1510-cu ildə Riqada ilk Yeni il ağacı” yazılmış xatirə lövhəsində də əksini tapıb.
Orta əsrlərdə isə Almaniyada yolka ya şəhər ətrafında gəzdirilirdi, ya da tavandan tərs asılaraq “yaşıl çilçıraq” formasında nümayiş etdirilirdi. Bu ağaclar “Eden bağı”nı işarə edir və insanları kilsəyə dəvət etmək məqsədi daşıyırdı.
Lüteran təsiri və evlərə daxil olan yolka
XVI əsrdə protestant islahatları dövründə Alman lüteran ənənəsi ilə yolka artıq evlərin içərisinə gətirilməyə başladı. Rəvayətə görə, protestant islahatçı Martin Lüter meşədə ulduzların küknar budaqları arasından parıldadığını gördükdən sonra bu mənzərəni ailəsinə çatdırmaq üçün ilk dəfə ağacın üzərinə yanan şamlar düzüb. Bu hadisə yolkanın ailəvi bayram atributuna çevrilməsində mühüm rol oynayıb.
İlk yolkalar zəncəfilli çörək, şirniyyat, alma və qoz-fındıqla bəzədilirdi. Zamanla Almaniyanın şüşə ustaları xüsusi bəzək əşyaları hazırlamağa başladı ki, bu da müasir yolka oyuncaqlarının əsasını qoydu.
Rənglərin simvolizmi
Yolka bəzədilərkən istifadə olunan rənglər də mənalıdır. Qırmızı həyat və enerjini, yaşıl əbədiliyi və təbiətin davamlılığını, qızılı və gümüş zənginliyi və rifahı simvolizə edir. Bu rənglər uşaqlar və böyüklər üçün bayram əhval-ruhiyyəsini artırır.
İşıqların tarixi
Başlanğıcda yolka şamlarla bəzədilirdi. Elektrik işıqlarının ixtirasından sonra isə ağaclar daha təhlükəsiz və rəngarəng işıqlarla bəzədilməyə başladı. İlk elektrikli yolka işıqları 1880-ci illərdə ABŞ-də istifadəyə verilib. Bu işıqlar bayram dekorasiyasına yeni dinamika gətirərək ailələrə və ictimai məkanlara gözəlliklər qatdı.
Yolkanın Britaniya və Amerikada məşhurlaşması
Yolka ənənəsinin geniş yayılması XIX əsrə təsadüf edir. 1841-ci ildə Kraliça Viktoriyanın alman əsilli həyat yoldaşı Şahzadə Albertin Vindzor sarayında yolka qurdurması, bu adəti Böyük Britaniyada sürətlə məşhurlaşdırdı. 1848-ci ildə Kraliça ailəsinin yolka ətrafında çəkilmiş fotosunun “Illustrated London News” qəzetində dərc olunması isə yolkanın təkcə Britaniyada deyil, ABŞ-də da populyarlaşmasına təkan verdi.
Yolkayla bağlı qırılan dünya rekordları
Dünyanın ən böyük yolkası 2019-cu ildə Braziliyada qurulub, hündürlüyü təxminən 100 metr olub. Yaponiyada və ABŞ-də yolkaların bəzək yarışmaları keçirilir və ailələr, şəhərlər ən orijinal bəzəyi nümayiş etdirirlər.
Azərbaycanda Yeni il yolkası necə yarandı?
Yeni il yolkası Azərbaycanda qədim milli ənənə kimi deyil, XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropa mədəni təsirlərinin nəticəsi olaraq formalaşıb. Bu proses birbaşa Bakının neft bumu dövrü ilə bağlıdır. Həmin illərdə Bakı dünyanın aparıcı sənaye və ticarət mərkəzlərindən birinə çevrilmiş, şəhərə çoxlu sayda rus, alman, polyak və digər Avropa ölkələrindən olan mühəndislər və sahibkarlar köç etmişdi. Onlar Milad və Yeni il ərəfəsində öz evlərində yolka qurur, bu ənənəni tədricən yerli əhali, xüsusilə də imkanlı və zadəgan azərbaycanlı ailələr arasında yayırdılar. XX əsrin əvvəllərində Bakının rus məktəblərində, gimnaziyalarda və klublarda yolkaların qurulması artıq adi hala çevrilmişdi.
Bir sözlə, Yeni il yolkasının kütləvi şəkildə Azərbaycanda da yayılması Sovet dövrünə təsadüf edir. 1935-ci ildən sonra yolka dini məzmundan ayrılaraq dünyəvi Yeni il rəmzi kimi təqdim olundu. Məktəblərdə, uşaq bağçalarında və şəhər meydanlarında qurulan yolkalar Şaxta baba və Qar qızı obrazları ilə birlikdə uşaqlar üçün bayram sevincinin ayrılmaz hissəsinə çevrildi. Müstəqillik dövründə də bu ənənə qorunub saxlanıldı. Bu gün isə yolka Azərbaycanda dini deyil, ailəvi, dünyəvi və mədəni bayram simvolu kimi qəbul edilir və Yeni ilin əsas atributlarından biri olaraq yaşadılır.






