Yunanıstanın 4 adasında zəlzələ səbəbilə məktəblər bağlanıb
Yunanıstanda ard-arda baş verən zəlzələlərə görə böyük çaxnaşma yaşanır. Seysmik aktivliyin artması ilə əlaqədar məktəblərdə tədris cümə gününə qədər dayandırılıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, Yunanıstanın 4 adasında son günlər Egey dənizində artan seysmik aktivliyə görə məktəblərdə təhsil cümə gününə qədər dayandırılıb. Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, İqlim Böhranı və Mülki Müdafiə Naziri Vasilis Kikilyasın sədrliyi ilə keçirilən yığıncaqda Egey dənizində artan seysmik aktivliyə görə, məktəblərdə təhsilin dayandırılmasına qərar verilib. Yeni qiymətləndirməyə qədər vətəndaşlardan qapalı ərazilərə toplaşmamaq, tərk edilmiş binalara yaxınlaşmamaq, Santorini adasındakı Ammudiou, Armenis, Korfu və Palaio Limena kimi sürüşmə təhlükəsi olan çimərliklərə getməmək, hovuz suyunu boşaltmaq istənilib.