media-24c8da96-df24-4d18-b103-25c7a7397105

Rusiya və Ukrayna dövlətləri arasında sülh məsələləri ilə bağlı gərgin müzakirələr davam edir. Putin son bəyanatlarında Zelenski hakimiyyətdən gedərsə, sülh sazişini imzalayacağını vurğulayıb. Lakin Ukrayna dövlətinin qanunvericiliyinə görə, hərbi vəziyyətdə olan ölkədə seçkilər keçirilmir. Bunun nəticəsində Zelenskinin hakimiyyətdən getməsi qanuni yolla mümkün deyil. Bu da münaqişənin həlli ilə vəziyyəti daha da gərginləşdirir.

Putinin Zelnskiyə olan açıq mövqeyi barədə siyasi şərhçi Kənan Novruzov Patrulaz.az-a fikirlərini bölüşdü:
“Putin Zelenskini qeyri-legitim prezident hesab edir. Məhz buna görə də Putin iddia edir ki, Ukraynada prezidentin səlahiyyət müddəti bitib və yeni seçkilər keçirilməlidir. Nəticədə, o, Zelenskinin hakimiyyətdə qalmasını qanunsuz hesab edir. Amma əslində bu bəhanədir. Çünki Putin başa düşür ki, Zelenski asanlıqla danışıqlara qoşulmayacaq. Buna görə də Putin, Zelenski ilə danışıqlardan imtina etdiyini əsas gətirərək onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır”.
media-5d797bd8-efc6-49f2-b1fb-2c7b951fed56

Siyasi şərhçi hakimiyyətə yenicə gəlmiş prezident Donald Trampın bu müharibə zamanı Rusiya və Ukrayna liderlərinə olan mövqeyini də təhlil etdi: “ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi də Putinin bu istiqamətdə olan işdahlarını daha da artırır. Hətta, bəzi ekspertlərin fikrincə ABŞ Rusiyanın xeyrinə addımlar atmağa başlayıb. Bu da Rusiyanı daha da ürəkləndirir. Çox güman ki, bəzi açıq müzakirələrdə Putin və Trampın Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərinə də diqqət yetiriləcək. Əgər Vaşinqton və Moskva razılığa gələ bilsə, bu perspektivdə Trampın Zelenskiyə təzyiq etməsi də mümkündür”.
K. Novruzov Zelenskiyə qarşı sui-qəsd ehtimallarının və onun istefa verməsi mümkünlüyünün daim gündəmdə olduğunu vurğuladı. Onun fikrincə, gələcəkdə Zelenskinin istefa etməsi ehtimalı yüksələ bilər. Belə bir halda, yeni hakimiyyətin Rusiya ilə sülh sazişi imzalamağa razılaşacağı gözlənilir:
“Düşünürəm ki, gələcək dönəmlərdə Zelenskinin özünün istefa etməsi də mümkündür. Ondan sonra hakimiyyətə kim gələcəksə, Rusiya ilə sülh sazişinə razılaşacaq. Çünki Zelenski sözügedən kapitulyasiya aktına imza atsa və sənəd tamamilə Rusiyanın maraqlarına uyğun olsa, xalqı onu bağışlamayacaq. Buna görə də, çıxış yolunun olmadığını görən Zelenski özü istefa verəcək”.
Göründüyü kimi, Putin Zelenskinin hakimiyyətdən getməsini istəyir. Tramp və Zelenski arasındakı gərginlik isə münaqişənin həllini daha da çətinləşdirir. Siyasi şərhçi Kənan Novruzovun da qeyd etdiyi kimi, Zelenski istefa verə bilər və onun yerinə Rusiya ilə sülh sazişi bağlayacaq yeni hakimiyyət gələ bilər. Ümumiyyətlə münaqişənin həlli üçün tərəflər arasında daha çox dialoq və qarşılıqlı anlaşma lazımdır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər